“Rusiya İrəvanı müdafiə etməyəcək, Türkiyə isə…” – Rus ekspertdən şok iddia
“Son günlərdə Qarabağda ara-sıra atəşkəsin pozulması, ilk növbədə, Ermənistan rəhbərliyinin qeyri-sabit xarici siyasəti, daha doğrusu, olmaması ilə, ikincisi, Rusiyanın bu baxımdan bölgədəki mövqeyinin zəifliyi ilə bağlıdır”.
Bunu rusiyalı siyasi ekspert Valdimir Lepexin Ermənistan mətbuatına açıqlamasında deyib.
Onun fikrincə, Ermənistan rəhbərliyinin Qarabağla bağlı konkret mövqeyi yoxdur: “Digər yandan, Ermənistanın bəzi rəhbər şəxsləri Rusiya ordusu və KTMT-ni İrəvanın maraqları naminə bölgədə qeyri-kafi fəaliyyətə görə tənqid edir, digər tərəfdən də Avropa Birliyi ölkələri və Qərb strukturları ilə prioritet əməkdaşlığa yönəlirlər”.
Lepexin hazırda Türkiyə və Azərbaycanın bölgədəki mövqeyinin kifayət qədər güclü olduğunu bildirib.
Ekspert indiki durumda Ermənistanın Qarabağı əldə saxlamasına nə gücü var, nə də istəyinin olduğunu söyləyib.
Rusiyanın Cənubi Qafqazda kifayət qədər passiv olduğunu deyən Lepexin hesab edir ki, Moskvadan fərqli olaraq, Türkiyənin bölgədə artan nüfuzu göz qabağındadır. Eyni zamanda, onu da qeyd edib ki, Rusiyanın bölgədə Türkiyə ilə birgə hərəkət etməsi onun xeyrinə olmayacaq.
“İndiki şəraitdə Rusiyanın İrəvanın maraqlarını tam şəkildə müdafiə edə bilməyəcəyi göz qabağındadır”, – ekspert vurğulayıb.