“Zəngəzur dəhlizi açıldıqda, İran qanunsuz qazanc kanallarını itirəcək” – Denis Kislov

 

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə İsrailin azad edilmiş Azərbaycan torpaqlarında olması ilə bağlı Tehranın Bakıya qarşı irəli sürdüyü bütün ittihamları bir daha rədd edib. Ancaq görünür, İranda hələ də ritorikanı dəyişdirməyə çalışmırlar.

Yaxın Şərq üzrə ekspert, Dövlət İdarəçiliyi üzrə elmlər doktoru, “LLC Corporate Research and Consulting International Bureau” rəhbəri Denis Kislov  şərhində qeyd edib ki, İranın əsəbi reaksiyası Bakının Azərbaycan-İran dövlət sərhədində nəzarəti ələ alması faktı ilə izah oluna bilər: “Ermənistan-İran sərhədinin Naxçıvana Zəngəzur dəhlizinin keçəcəyi kiçik bir hissəsi qalır. Bu, Tehranı bərk narahat edir”.

– Ondan başlayım ki, vəziyyətin birbaşa qarşıdurma ilə nəticələnə biləcəyi ehtimalına şübhə ilə yanaşıram. Bu, daha çox İran tərəfindən “əzələ nümayişi”dir, hansı ki, Tehranla Bakı arasındakı münasibətlərə istilik qatmır. İran sıxılmış vəziyyətdə qalıb, o, özünün regional oyunçu rolunu oynamaq istəyir. Eyni zamanda, Cənubi Qafqazda keçən ilki müharibənin nəticələrinə əsasən, kənar oyunçular mövqelərini gücləndirdilər. Rusiya onsuz da bölgədə idi, ancaq Türkiyə və İsrailin rolu artdı. Eyni zamanda, əlbəttə ki, Azərbaycanda hər hansı bir İsrail hərbçisinin və ya casusunun olmasından söhbət gedə bilməz. İran isə məhz Azərbaycanın müharibədə qalib gəlməsi və ərazilərini azad etməsi səbəbindən kənarda qaldı.

– Bəs İran niyə şimaldan gələn sionizm təhlükəsindən danışır?

– Tehran sionizm haqqında hay-küy salanda bu həm daxili məsələdir, həm də ərəb-İslam cəbhəsində bir oyundur. Təl-Əviv müdafiə sahəsində Bakı ilə çox sıx əməkdaşlıq edir və bu Tehranı qıcıqlandırır. Bundan əlavə, İsrail artıq ərəb ölkələri ilə əməkdaşlıq edir, ərəb ölkələri arasında İsrailin geosiyasi zonası formalaşır. Söhbət “Avraam sazişi”ndən gedir. Tehran İsrailin yalnız Yaxın Şərqdə deyil, həm də Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla şimal və şərqdə dost və müttəfiq əlaqələrini formalaşdıracağından qorxur. İran İslam Respublikasının buna qarşı çıxacaq heç bir şeyi yoxdur. Bundan əlavə, İran qorxur ki, İsrail sayəsində ABŞ-ın Azərbaycandakı rolu arta bilər.

Amma ən vacib məqam – logistikadır, Azərbaycanın əsas hissəsindən Naxçıvana qədər olan Zəngəzur dəhlizidir. İran həqiqətən də onun açılmasını istəmir, Ermənistan-İran sərhədinin bağlanmasından qorxur. O zaman İran qazanc kanallarını, o cümlədən qanunsuz və “boz” olanları itirəcək.

İranın vəzifəsi Bakını Zəngəzur dəhlizindən imtina etməyə “inandırmaq” idi. Tehran Rusiyanı öz tərəfinə çəkmək istəyir, lakin Moskva artıq ona dəstək verməkdən imtina edib. Beləliklə, İran va-bank oynadı və belə görünür ki, bu uğursuz oldu. Amma İrandan bəzi təxribatlar davam edəcək./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password