Meyvəçilik və Çayçılıq İnstitutu tenderlərdə saxtakarlığın pik həddinə çatdı – Yenə də İnam Kərimovun nəzərinə
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən meyvəçilikdə virussuz əkin materialının innovativ üsulla istehsalının satın alınması üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə qalib “BABİL CONSTRUCTİON AND PROCUREMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilmiş və 03.08.2021-ci il tarixdə 1 199 540.8 manat məbləğində satınalma müqaviləsi bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirilmişdir. Lakin bağlanmış müqavlə barədə məlumatların 15.09.2021-ci il tarixdə yenidən sözügedən portala yerləşdirilməsi diqqətimizdən qaçmadı və araşdırmalara başladıq.
Aktualinfo.org-un apardığı araşdırmalar zamanı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun bir mülyon manat məbləğində müqavilə bağladığı MMC-nin sadəcə adı olduğu ortaya çıxdı. Bu zənnimizcə son illərdə, tender prosedurlarında yol verilən saxtakarlığın pik həddidir. Odur ki, əsas məsələyə keçməzdən əvvəl MMC barədə rəsmi məlumatı diqqətinizə çatdırırıq.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BABİL CONSTRUCTİON AND PROCUREMENT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.09.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10o manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, PİRŞAĞI, S.CƏFƏROV (PİRŞAĞI QƏS.), ev 9A, m. 2, qanuni təmsilçisi kimi isə Baxışov İsgəndər Muxtar oğlu qeyd olunub.
Yuxarıda qeyd etdiyimiz kimi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dövlət satınalmalarının vahid internet portalına yerləşdirdiyi birinci məlumat 03.08.2021-ci il tarixdə olub. Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatardan da göründüyü kimi,”BABİL CONSTRUCTİON AND PROCUREMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti cəmi 11 ay əvvəl dövlət qeydiyyatına alınıb. Qanunvericilikdə isə podratçıların ən azı bir illik fəaliyyətinə dair məlumatlar olmalıdır. Müqavilənin bağlanması haqqında ikinci məlumatı isə Elmi-Tədqiqat İnstitutunun Tender Komissiyası 15.09.2021-ci il tarixdə portala yerləşdirib. Niyə? Çünki birinci məlumatda MMC-nin fəaliyyətinin bir ilinin tamam olmadığı açıq-aydın görsənirdi. Sanki bütün bunları heç kim görmürmürmüş kimi. İkinci məlumat isə portala MMC-nin dövlət qeydiyyatına alındığı eyni günlə, (15.09.2020-ci) güya, yeni müqavilənin bağlanıldığını göstərən (15.09.2021-ci il ) tarix ilə üst-üstə düşür.
Buna saxtakarlıqdan başqa nə ad vermək olar? İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi portalında saxtakarlığa yol vermək bu qədər asanmı? ( Bəzi dövlət qurumları tərəfindən keçirilmiş tenderlərin nəticələri barədə portala yerləşdirilmiş məlumatların tez-tələsik silinməsi haqqında aldığımız məlumatlara ayrıca toxunmağı planlaşdırırıq.-red.)
İnstitutun Tender Komissiyasının yol verdiyi digər saxtakarlıq isə MMC-nin ixtisas göstəriciləri ilə bağlıdır. Apardığımız araşdırmalar zamanı “BABİL CONSTRUCTİON AND PROCUREMENT” Məhdud Məsuliyyətli Cəmiyyətinin son bir il ərzində yalnız “TƏMİZ ŞƏHƏR” ASC-nin keçirdiyi preslənmiş tullantıların bağlanılması üçün yağlanmış məftillərin satın alınması üzrə tenderin qalibi olduğu üzə çıxdı ki, bu da MMC-nin ixtisas göstəricilirənin qeyri-müəyyən olduğunu təsdiq edir. Yəni yağlanmış məftillərlə labaratoriya avadanlıqlarının arasında olan fərq burada da açıq-aydın görsənir.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun saxtakarlıqları bunlarla da bitmir. Belə ki, apardığımız araşdırmalar zamanı MMC-nin reyestr məlumatlarında hüquqi ünvan kimi göstərdiyi BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, PİRŞAĞI, S.CƏFƏROV (PİRŞAĞI QƏS.), ev 9A, m. 2, ünvanının da saxta olduğu üzə çıxdı. Qeyd olunan ünvan, S. Cəfərov küçəsi Pirşağı qəsəbəsində deyil, ikinci Sovxoz deyilən qəsəbədə yerləşir. Yəni, Pirşağı qəsəbəsinin inzibati ərazisində. Həmin küçədəki ev 9A, m. 2 isə bir kommunalkadır ki, 50 ildir orada yaşayanların dediyinə görə nə Baxışov İsgəndər Muxtar oğlu adlı adamı tanıyırlar, nə də ki, belə bir şirkət haqqında məlumatları var. Aşağıda təqdim etdiyimiz şəkil də sözügedən ünvandan lentə alınıb.
Apardığımız araşdırmalar zamanı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Tender Komissiyası keçirdiyi tender prosedurlarında əvvəlki illərdə də analoji qanun pozuntularına yol verdiyi bəlli oldu. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ETİ-u tərəfindən LOt-1″Ağıllı Bağ” intelektual sisteminin yaradılması və LOt-2 Müasir bağçılıq texnikasının satın alınması məqsədi ilə keçirilmiş açıq tender proseduru üzrə iddiaçılardan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsi həyata keçirilmişdir. Tenderin nəticələri haqqında tender komissiyasının 14 iyun 2019-cu il tarixli yekun protokoluna əsasən Lot-1″Ağıllı Bağ” intelektual sisteminin yaradılması üzrə “Azərting” MMC, Lot-2 müasir bağçılıq texnikasının satın alınması üzrə “AGRİ SPACE” MMC qalib elan edilmiş və həmin təşkilatlarla müqavilə bağlandığını bildirmişdir.
Amma sözügedən xidmətlərin satınalmasına sözügedən Elmi-Tədqiqat İnstitutu tərəfindən nə qədər vəsaitin ayrıldığı barədə məlumatlar ictimaiyyətə açıqlanmamaışdır. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti açıqlanmalı idi.
Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatardan da göründüyü kimi bu MMC-lər də satınalma müqavilələri bağlandığı andan 5-8 ay əvvəl dövlət qeydiyyatına alınıblar. Yəni MMC-lərin tender prosedurlarında iddiaçıların mürəkkəblik dərəcəsinə uyğun olan ən azı üç iş üzrə təcrübəyə malik olmaları, ən azı 1 il təcrübəyə malik iş icraçısı olmaları qanuna görə mütləqdir. Amma görəsən “AZƏRTİNG” və “AGRİ SPACE” MMC-ləri 5 ay ərzində ən azı üç iş təcrübəsinə malik olubmu? İndi isə gəlin yuxarıda adlarını çəkdimiz MMC-lər barədə rəsmi məlumatlara diqqət yetirək,onların nə kimi iş təcrübələrinə malik olmalarını özünüz təsəvvür edin.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AGRİ SPACE” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.04.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10o manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, 20 YANVAR, ev 25, m. 8, qanuni təmsilçisi kimi isə Ağayev Mirata Mirəziz oğlu qeyd olunub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.01.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının QUBA RAYONU, ZƏRDABİ, qanuni təmsilçisi kimi isə Sərhədova Zəminə Fikrət qızı qeyd olunub
Birinci “AZƏRTİNG” MMC-dən başlayaq. Cəmi 10 manat nizamnamə kapitalı olan, tender prosedurundan bir neçə ay əvvəl dövlət qeydiyyatına alınmış, ixtisas göstəriciləri və analoji işlərdə təcrübəsinin olub-olmaması barədə hər hansı məlumat olmayan bu MMC-nin qiyməti bəlli olmayan dövlət sifarişini yerinə yetirməyə maddi-texniki bazası, peşəkarlığı nə dərəcədə yol verir? Bunlar qalsın bir yana. Apardığımız araşdırmalar zamanı açıq mənbələrdən əldə etdiyimiz məlumatlara görə dövlət reyestrində MMC-nin qanuni təmsilçisi kimi qeyd olunmuş Sərhədova Zəminə Fikrət qızı 2012-ci ildə Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi olub. 2019-cu ilədə, yəni MMC-ni dövlət qeydiyyatına alıb, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə məbləği gizlədilmiş satınalma müqaviləsi bağlayanda bu xanımın uzağı 23-24 yaşı olub. Sizcə bu nə dərəcədə inandırıcı bir alqı-satqı müqaviləsidir? Burada MMC-nin gənc bir xanımın adına Kənd Təsərrüfatı Nazirliyinin rəsmi şəxsləri tərəfindən formal olaraq yaradıldığına əsaslı şübhələr var. Belə ki, bu gənc xanımın qanuni təmsilçisi olduğu “AZƏRTİNG” MMC ilə Kənd Təsərrüfatı Nazirliyinə tabeli daha bir institut, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu da 28.10.2019-cu il tarixdə Şamaxı rayonu ərazisində müasir üzüm tingliyinin yaradılması üzrə keçirilmiş tenderdə 1 028 115.94 manat dəyərində satınalma müqaviləsi bağlamışdır. MMC-nin Kənd Təsərrüfatı Nazirliyinin rəsmi şəxslərinə bağlılığı açıq-aydın görsənmirmi?
Eləcə də açıq mənbələrdə barəsində heç bir məlumat olmayan “AGRİ SPACE” MMC. Bu MMC-nin də maddi-texniki bazası barədə heç bir məlumat yoxdu. Elmi-Tədqiqat İnstitutunun müasir bağçılıq texnikasının satın alınmasına nə qədər vəsait ayırıb, nə kimi bağçılıq texnikasının alınması burada da bəlli deyil. Həmçinin sözügedən MMC-nin ixtisas göstəriciləri barədə də heç bir məlumat yoxdur.
Bütün bunlar nə deməkdir? Bütün bunlar Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tender prosedurlarında saxtakarlıq və korrupsiya hallarına yol verməsi deməkdir. Bütün bunların hamısı isə informasiya texnoloğiyalarının inkişaf etdiyi bir dövrdə, hər kəsin gözləri önündə baş verir. Bundan sonra gənc, özünə islahatçı kadr, şəffaf məmur imici formalaşdırmış İnam Kərimovun kənd təsərrüfatı sistemində apardığı, yaxud da aparmaq istədiyi islahatların gerçəkliyinə kimi inandıra bilərsən.
Burada saxtakarlıqlara yol verildiyini görmək üçün iqtisadçı və ya hüquqşunas olmağa ehtiyyac yoxdur. Sadəcə məntiq kifayət edər. Saxtakarlığa yol verənlər kimlərdir? Başda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti olmaqla, Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri. İnam Kərimovun bir nazir kimi bütün bunlardan xəbərsiz olması heç inandırıcı gəlmir. Söhbət 50-100 mindən getsəydi. bəlkə də inandırıcı olardı. Amma burada söhbət milyonlardan gedir. Kənd Təsərrüfatı Nazirliyi bağçılığı inkişaf etdirmək üçün milyonlarla dövlət vəsaiti ayırır, iş kimlərə həvalə olunur və bunlardan da nazir İnam Kərimovun xəbəri olmur. Nə dərəcədə inandırıcı gəlir sizə?
Hələ Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanovun belə saxtakarlıqların altına təkbaşına girməsi heç inandırıcı gəlmir. Düzdür o, sözügedən instituta çoxdan rəhbərlik edir. İnam Kərimov Kənd Təsərrüfatı naziri vəzifəsinə gəlməmişdən xeyli əvvəl. Bu isə o deməkdir bəhs olunan sahədə xeyli təcrübəyə malikdi və kifayət qədər imkanlara sahib bir şəxsdir. Hələ əvvəlki nazirlərin dövründən İlham Qurbanovun özünə geniş imkanlar yaratdığı barədə məlumatlar var. Məlum olduğu kimi Kənd Təsərrüfatı naziri təyin edildikdən sonra İnam Kərimov apardığı kadr islahatları çərçivəsində nazirliyə tabeli institutların da rəhbərlərini dəyişdirdi, gəncləşdirdi. Amma nədənsə İlham Qurbanova toxunmadı. Görsənən odur ki, onlar ortaq dil tapa biliblər. Belə olmasaydı İlham Qurbanov qeyd etdiyimiz bir belə saxtakarlıqlara elə yerindəcə yol verməzdı.
Aktualinfo.org