Aeroport yolundakı qəza baş verən yerdə hərəkət düzgün təşkil olunmayıb – Ekspert
Son zamanlar Bakıda ölümlə nəticələnən ağır yol qəzalarının sayı artıb. Bu gün səhər aeroport yolunda yük avtomobili ilə sərnişin avtobusunun toqquşması 5 nəfərin həyatına son qoydu. 20-dən çox şəxs hazırda xəstəxanadadır.
Artan avtomobil qəzalarının səbəbləri ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov danışıb.
Ekspert bildirib ki, yollarda sürücülərin sürət həddini aşması, ötmə, sərxoş vəziyyətdə avtomobil idarə etmək, qarşı hərəkət zolağına çıxma, yuxulu halda avtomobil idarə etmək bu cür hadisələrin baş verməsinə səbəb olur:
“Bu gün baş verən qəzada yük avtomobili ilə avtobus toqquşub. Görünən odur ki, avtomobillərin ikisi də kommersiya məqsədli nəqliyyat vasitəsidir. Hər iki avtomobilin istismarı üçün ciddi qaydalar var. Bu qaydalara necə riayət olunduğunu bilmirik. Bunlar ciddi araşdırılmalıdır.
Hadisə hava limanı yolunda baş verib. Qəzanın baş verdiyi yolda yüksək sürət həddi var. Həmin yolda sərnişin avtomobilindən tutmuş yük avtomobilinə qədər yüksək sürətlə hərəkət edirlər. Yüksək sürət belə dəhşətli qəzaların baş verməsinə səbəb olur. Qəza baş verən yerdə hərəkət düzgün təşkil olunmayıb. Belə sürətli yollarda avtobus marşurutunun hərəkətinin təşkilinə daha diqqətli yanaşmaq lazımdır.
Yük avtomobili reysə çıxmazdan əvvəl texniki yoxlanışdan keçməlidir. Onun sürücüsünün sağlamlığı həkim tərəfindən yoxlanılmalıdır. Qəza hadisəsi araşdırılanda əminəm ki, çoxlu məsuliyyətsiz hərəkətlər üzə çıxacaq”.
Qeyd edək ki, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Qəza nəticəsində 5 nəfərin ölüdüyü, 21 nəfərin yaralandığı bildirilir.