Yeni nazirlik: “Rəqəmsal transformasiyanın sürətləndirilməsi zəruridir”
Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı müstəqillik dövründə 4-cü dəfə dəyişdirildi. Bundan sonra qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlanacaq.
Bundan başqa, dövlət başçısının fərmanına əsasən, yeni nazirliyin tərkibində 4 publik hüquqi şəxs fəaliyyət göstərəcək. Bunlar Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi (1), İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (2), Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (3), Dövlət Dəniz və Liman Agentliyidir (4).
Bəs bu struktur islahatları ölkəyə nə verəcək?
Sorğuya cavab olaraq bildirilib:
Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi ölkəmizdə startap ekosisteminin daha da möhkəmlənməsinə şərait yaradacaq. Bu qurum nazirliyin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC, İnnovasiyalar Agentliyi, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşməsi əsasında təşkil ediləcək. Yeni agentlik innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri, o cümlədən startapları təşviq edəcək. Həmçinin onların maliyyələşdirilməsini təmin edəcək. Yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirəcək.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin də ölkədə İKT sistemində çevik addımlar atılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu agentlik ölkəmizdə İKT və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və keyfiyyətə nəzarət daxil olmaqla nəzarəti, o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini, radiospektr idarəçiliyini həyata keçirəcək, sahənin tənzimləmə, qiymət, keyfiyyət, çevik inkişaf siyasətini həyata keçirən requlyatoru olacaq.
Dövlət Dəniz və Liman Agentliyi isə Dövlət Dəniz Agentliyinin, eləcə də onun Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin, Nəqliyyat və Texniki-Təminat İdarəsi əsasında yaradılacaq. Bu agentlik dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, həmçinin dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, dənizçilərin hazırlanması sahəsində zəruri tədbirlər görmək səlahiyyətlərinə malik publik hüquqi şəxsdir. Qurum dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktlara və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunması, beynəlxalq müqavilələr ilə tənzimlənən və agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə ölkənin götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində tədbirlər həyata keçirəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə bu sahənin inkişafına AYNA tutacaq. Bu agentlik əsasən Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əsasında yaradılır. Sumqayıt və Gəncədə müvafiq icra hakimiyyətinə tabe olan sərnişindaşıma müəssisələri də bundan sonra AYNA-nın tərkibində fəaliyyət göstərəcək.
İKT sahəsində aparılan islahatlar ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsini zəruri edir. Rəqəmsal transformasiya rəqəmsal texnologiyaların tətbiqi ilə xidmətlərin göstərildiyi və dövlət idarəçiliyinin təkmilləşdirildiyi rəqəmsal hökumətə, rəqəmsal məhsulların yaradıldığı, biznes proseslərinin avtomatlaşdırıldığı və proqnozlaşdırıla bilən rəqəmsal iqtisadiyyata, rəqəmsal hazırlıqlı və bacarıqlı, “açıq məlumatlar“ın istifadə edildiyi rəqəmsal cəmiyyətə keçidi ehtiva edir.
Rəqəmsal transformasiyanın uğurunu şərtləndirən amillərdən biri ölkədə sabit rabitə və yüksəksürətli, əlçatan internet xidmətləridir. Nazirlik sabit rabitə və yüksəksürətli internet xidmətləri istiqamətində genişmiqyaslı layihələr həyata keçirməyi planlaşdırır. Mobil və sabit genişzolaqlı və universal xidmətlərin inkişafı internet xidmətlərinin əlçatanlığının artırılması, qiymət və keyfiyyət siyasətinin tənzimlənməsi nəzərdə tutulur.
Nəqliyyat sahəsində islahatlar nəticəsində maddi-texniki bazanın yaxşılaşdırılması ilə yanaşı, milli kadrların beynəlxalq təcrübə əsasında yetişdirilməsi üçün münbit mühit yaradılacaq. Bu, həm də daşıyıcı-sahibkarların yüksək keyfiyyətli xidmət mühitində və rəqabətədavamlı formada fəaliyyət göstərməsinə gətirib çıxaracaq. Məqsəd avtomobil nəqliyyatı üzrə keyfiyyətli xidmətin, dünya standartlarına cavab verəcək vahid, rəqabətədavamlı sistemin formalaşdırılmasıdır. Həmçinin dəniz nəqliyyatı sahəsində islahatların aparılmasına və sahənin inkişafına imkan yaradılacaq. İşçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, maddi və texniki təminatın gücləndirilməsi, dəniz nəqliyyatı sahəsində peşəkar mütəxəssislərin yeni agentliyin fəaliyyətinə cəlb edilməsinə müsbət təsir göstərəcək. / report.az