Sumqayıtda marşrut avtobuslarında cəncəl: Kartı sürücülər satır

Sentyabrın 28-dən etibarən Sumqayıtda hərəkət edən bütün marşrutlar kart sisteminə keçib. Xüsusən Bakıdan Sumqayıta gedən vətəndaşlar arasında kartların avtobus sürücülərindən alınması və balansının artırılması ilə bağlı narazılıqlar var.

Şikayətçilər bildiriblər ki, avtobuslar kart sisteminə keçsə də, satışda hələ də kart yoxdur:

“Deyirlər ki, sürücülərdən almalısız. Bu, gülüncdür. Ümumiyyətlə, məlumatlandırma yoxdur. Kart almaq istəsək də əsas prospektlərdə bir terminala rast gəlmək olmur. Eşidirik ki, avtobus kartları qəzet köşklərində də satılır. Amma bununla bağlı da heç bir elan və ya məlumat gözə dəymir. Məcbur olub 30 qəpiyi digər sərnişinə veririk ki, mənzil başına çata bilək”.

Məsələ ilə bağlı Sumqayıt Nəqliyyat İdarəsindən  bildirilib ki, kart adətən sürücülərdə olur: “2 AZN ödəniş etməklə sürücülərdən kartı əldə etmək olur. Hazırda 20 min yeni kartlar sifariş olunub, yaxın vaxtlarda həmin kartlar da dövriyyəyə buraxılacaq. Kartın balansını “MilliÖn”, “eManat” aparatları vasitəsilə artırılmaq mümkündür. Həmçinin Bakıdan fərqli olaraq, üzərində wi-fi işarəsi olan təqaüd və maaş kartları ilə də ödəniş etmək mümkündür. Sadəcə bəzi vətəndaşlar yeniliyə uyğunlaşa bilmir. Yəqin ki, uyğunlaşarlar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password