Dünyanı silkələyən gözlənti: Dollar devalvasiyaya gedə bilər – İqtisadçı

 

Cari ilin ikinci rübündən qlobal enerji bazarlarında kəskin dalğalanmalar müşahidə edilir. Hazırda “Brent” markalı neftin bir barelinin qiyməti 83,66 dollar olub ki, bu da cümə gününə nisbətən 1,27 dollar çoxdur (üç ilin ən yüksək həddi). ABŞ-ın West Texas İntermediate (WTI) neftinin bir barelinin qiyməti isə 1,53 dollar artaraq 80,88 dollara çatıb və 7 illik rekordu keçib.

Enerji sektorundakı tədarüklə bağlı gərgin vəziyyət təkcə neft bazarında deyil. Çünki son aylarda qazın və kömürün qiyməti də kəskin artıb. Son 1 ay ərzində Niderlandın TTF habında qazın 1 000 kubmetrinin qiyməti 168 faiz, oktyabrda isə 40 faiz artaraq 1 970 dollara yüksəlib.

Təbii qaz qiymətlərinin kəskin artımı Avropada elektrik qiymətlərinin də təsir edib. Almaniyada elektrik enerjisinin qiyməti bir meqavat/saat üzrə 302,5 avro, İspaniyada isə 288 avro səviyyəsinə yüksəlib.

Enerji qiymətləri bir sıra Avropa İttifaqı ölkələrində inflyasiyanın kəskin artmasına səbəb olub.

Maraqlıdır, neftin və təbii qazın qiyməti artdıqca dollar devalvasiyaya gedə bilərmi?

İqtisadçı Azər Balamedov bildirib ki, 1913-cü ildə yaranan dollar dünyada bir nömrəli rezerv valyutadır. Dollar bir nömrəli rezerv statusunu 1945-ci ildə II Dünya Müharibəsindən sonra qazanıb:

“1914-cü ildə I Dünya Müharibəsindən sonra ancaq ABŞ-da işləyən lokal valyuta dünyaya transfert olunub. Bundan sonra dollar və ingilis funt-sterlinq pariteti yaranıb. Amma I Dünya Müharibəsinə qədər əsas valyuta ingilis funt-sterlinq olub, sonra ikisi bir yerdə dönərli valyuta olub. 1944-cü ildə “Bretton woods” Bretton-Vuds razılaşması imzalanır. Qərara alınıb ki, ABŞ dolları əsas rezerv valyuta olacaq və onun qiyməti qızıla bağlansın. Yəni 44-cü ildə dollar-qızıl standartı yaranır.

Bu konfransda Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Valyuta Fondu (BVF) kimi təşkilatların da təməli qoyulur.

Dollar-qızıl standartı yaranarkən qızılın bir troy unsiyası 35 dollar idi. Sonra müəyyən qədər iqtisadi inkişaf templəri və dünyada borc pulların sayı artdıqca, inflyasiya yarandıqca 1950-ci illərin əvvəlində və axırlarında dollar iki dəfə devalvasiyaya gedir. Bu hadisədən sonra qızıl-dollar standartı dəyişir. Belə ki, əvvəl 35 dollar olan qızılın bir troy unsiyası daha sonra 38 dollar, ondan sonra isə 42 dollar olur.

108 illik tarixində dollar qızıla görə iki dəfə devalvasiya edib. Dollar-qızıl standartı 1976-cı ildə ləğv olunur. 1971-1978-ci illərdə Bretton-Vuds sistemi sərbəst valyuta ticarəti (valyutaların sərbəst konvertasiyası) əsasında Yamayka pul sistemi ilə əvəz olundu. Yamayka Beynəlxalq Konfransı valyuta məzənnələrini bazar qanunlarına tabe etdi. O zamandan bəri məzənnələr sabit deyil, tələb və təklifin təsiri altında dəyişir. Sabit məzənnələr sistemi mövcud olmayıb.

Razılaşmaya əsasən, qızıl pul kateqoriyasından əmtəə kateqoriyasına keçir. Dollar isə heç bir əmtəəyə bağlanmayan bir nömrəli rezerv valyuta kimi sərbəst qalır. Dollar nominal cəhətdən daim möhkəm valyuta olub, amma bu hadisələrdən sonra çəkisini itirib. Yəni 20-30 il əvvəlki 100 dollarla indiki 100 dollar bir deyil”.

Analitik qeyd edib ki, 1976-cı ildən bu günə qədər dolların devalvasiyası rəsmi olaraq elan olunmayıb: “Doların neftə görə devalvasiyaya getməsi mümkündür. Amma neftin qiyməti 2008-ci ildə 150 dollar olmuşdu. Qızılın qiyməti də tarixi maksimuma çatmışdı. O zaman dolların məzənnəsi avroya görə 1.60, funt-sterlinqə görə, 2 dollar olub. Həmin vaxt dolların devalvasiyası baş verməsə də, gücdən düşüb.

Dolların devalvasiyaya getməsinin bir neçə şərti var. Ola bilər ki, Amerikanın istiqraz bazarlarında güclü problemlər yaransın. Bu da əsasən inflyasiyaya bağlı olan bir şərtdir. Dollar əsas aparıcı rezerv valyutalara – avroya, ingilis funt-sterlinqinə görə zəifləməlidir. Amma hələ ki, dolların indeksinin qalxmasını müşahidə edirik.

Nəzəri cəhətdən hər şey ola bilər, amma neftin, təbii qazın qiymətinin qalxmasına görə yox. Neftin qiyməti 85 dollardan aşağı da düşə bilər. Yəni dolların devalvasiyasına təsir edən amil enerji sektorundakı qiymət artımları olmayacaq. Neftin və təbii qazın qiymətinin qalxması ancaq dolların qiymətində düşüş yarada bilər. Yəni avro və funt-sterlinq qrafikində dolların məzənnəsi zəifləyə bilər. Bu isə devalvasiya deyil.

Dolların devalvasiyaya getməsinin digər şərti ABŞ-ın defolt elan etməsidir. Bu zaman tək Amerika yox, qlobal iqtisadiyyat çökər. Dünyada ABŞ iqtisadiyyatı aparıcıdır. Belə bir deyim var, ABŞ səbir gətirəndə hamı xəstələnir. Amerikanın problemi olduğuna görə bütün dünyada problem var.

ABŞ-da sentyabrın 30-da maliyyə ili bitib, oktyabrın 1-dən yeni maliyyə ili başlayıb. Amma büdcədə borc tavanı hələ müəyyən olunmayıb. Bu ətrafda Konqresdə güclü diskussiyalar gedir. Keçən həftənin ortalarında qəbul olunmuş qərara görə, ilin axırına qədər ABŞ-ın borc tavanı 480 milyard dollara qaldırılıb.

Amerikanın 30 trilyon dollara yaxın dövlət borcu var. Bu isə o deməkdir ki, ümumi daxili məhsulun təxminən 100 faizini keçib. Azərbaycanda dövlət borcunun ÜDM-də nisbət 20 faizdir. ABŞ-ın dövlət borcu daim artır və bundan sonra da artacaq. ABŞ Konqresinin isə bu borc tavanının həmişə təsdiqləməsi maraq doğurur. Gələn il dövlət borcu 35-40 trilyon dollara qədər arta bilə. Maraqlıdır, onlar nə vaxta qədər pul çap edəcəklər?! Konqres bu borc tavanın təsdiq etməyə də bilər. Bu zaman Amerika öz öhdəliklərini yerinə yetirməyəcək, bu zaman defolt elan edəcək. Bu zaman dolların devalvasiyası mümkün olacaq. Başqa sözlə, dolların devalvasiyası neftin və təbii qazın qiymətinə yox, Amerikanın dövlət borcuna bağlıdır.

Bundan əlavə, ABŞ-ın dövlət büdcəsində yeni kəsir var. Prezident Co Bayden Konqresə 6 trilyon dollarlıq büdcə layihəsi göndərib. Amma bu 6 trilyonluq büdcədə 3 trilyonluq boşluq var. Əgər bu problemlər artsa, o zaman dünyanın rezerv valyutası olan dollar devalvasiya ola bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password