Batumi faciəsi Bakıya dərs oldumu? – Ekspert

 

Batumi şəhərində binanın çökməsi nəticəsində insan tələfatı baş verdi. Araşdırmalar zamanı bəlli oldu ki, binanın çökməsinə səbəb birinci mərtəbədə və zirzəmidə təmir işləri zamanı əsas və əsas olmayan dayaqlara müdaxilə edilməsi və onların götürülməsidir. Gürcüstan hüquq-mühafizə orqanları bununla bağlı artıq 3 nəfəri saxlayıb ki, onlardan da biri azərbaycanlıdır.

Analoji “rekonstruksiya”lar Bakıda da aparılır. Xüsusilə köhnə tikililərin birinci mərtəbələrində ciddi dəyişiklik edilir və onlar obyektə çevrilir. Belədə təbii sual yaranır: Batumi faciəsindən Bakı hansı dərs çıxarmalıdır?

Bu barədə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, təkcə Batumi hadisəsi deyil, bizim narahatlığımız üçün Bakıda da oxşar hadisələr baş verib:

“Paytaxt Bakı da bu sahədə çox ciddi problemlər yaşayan şəhərdir, xüsusilə 90-ci illərin ortalarından başlayaraq, ölkədə mövcüd siyasi-iqtisadi situasiyasının dəyişməsi, sahibkarlıq subyektlərinin sayının sürətlə artması əhali arasında bu sahəyə tələbatı həddindən artıq çoxaltdı. İnsanlar qazanc məqsədilə fərdi yaşayış evlərini və mənzillərini qeyri-yaşayış obyektlərinə çevirməyə başladılar.

Təəssüflər olsun ki, o zaman müvafiq icra hakimiyyəti orqanları bu prosesdə vətəndaşlarla eyni mövqedə dayandı. Bunun qarşısının alınması istiqamətində heç bir addım atılmadı, əksinə, bu prosesin daha da sürətləndirilməsi ilə bağlı müəyyən təşəbbüslərlə çıxış etdilər və əhali yaşayış mənzillərini və zirzəmilərini alış-veriş məkanına və yaxud anbarlara çevirdi”.

Ekspert qeyd edib ki, yaşayış binasının xüsusilə birinci mərtəbəsindəki mənzillərin və yaxud zirzəmilərin qeyri-yaşayış sahəsinə çevrilməsi zamanı “rekonstruksiya” işləri görülür:

“Bir çox hallarda genişləndirmə aparmaq üçün orta divarlar götürülür, daşıyıcı divarlar isə zədələnir”.

R.Osmanlı indinin özündə də bu prosesin davam etdiyini bildirib:

“Batumi faciəsi bir daha göstərdi ki, bu, olduqca təhlükəlidir. Hesab edirəm ki, hökumət bununla bağlı ciddi addımlar atmalıdır. Hər şeydən öncə xüsusilə sovet zamanı tikilən və birinci mərtəbəsi qeyri-yaşayış obyektinə çevrilən binaların monitorinqi aparılmalı, mütəxəssislərin iştirakı ilə həmin binaların dayanıqlığı yoxlanılmalıdır. Ciddi qüsurlara yol verilibsə, obyekt sahibinə o qüsurları ən qısa müddətdə aradan qaldırması üçün öhdəlik qoyulmalı və nəzarət edilməlidir. Eyni zamanda müvafiq qurumlar təhlükəli saydıqları binalara müdaxilə etməli, binaların dayanıqlığının möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməlidirlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password