Bakıda “Range Rover”lə 4 nəfəri öldürən həbsdən çıxmaq istəyir

 

Bu ilin iyununda Novxanı bağlar massivində 4 nəfərin ölümünə səbəb olan yol qəzasıyla bağlı məhkəmə prosesi başlayıb. Söhbət Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, eyni zamanda bacısı oğlu Elşad Kəlbəliyevdən gedir.

Oktyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Elşad Kəlbəliyevin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim İlham Mahmudovun sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, onun hüquq və vəzifələri izah olunub.

Elşad Kəlbəliyevin vəkili onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, hökm çıxarılana qədər müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, o, qəsdən cinayət törətməyib, məhkəmədən yayınmaq niyyətində deyil. Artıq istintaq başa çatıb, zərərçəkmiş və şahidlərə təsir göstərmək imkanı yoxdur. Üstəlik, zərərçəkmişlərlə də barışıq əldə olunub.

Lakin İlham Mahmudovun sədrlik etdiyi üç nəfərdən ibarət hakimlər kollegiyası vəsatəti təmin etməyib. Elşad Kəlbəliyev haqqında həbs qərarı qüvvədə saxlanılıb.

Onun işi üzrə məhkəmə baxışı oktyabrın 19-na təyin edilib.

Elşad Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur. Bu maddədə 5 ilə qədər nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Yol-nəqliyyat hadisəsi iyunun 14-də gecə saat 01.00 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. Elşad Kəlbəliyevə məxsus “Range Rover” markalı, 10 CO 002 dövlət nömrə-nişanlı avtomobillə Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” toqquşub. Nəticədə sürücü Murad Ziyadov və onun avtomobilində olan üç nəfər Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində dünyasını dəyişib.

Elşad Kəlbəliyev və hadisə vaxtı onun yanında olmuş Ələsgər Əliyev isə xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra polis idarəsinə aparılıblar.

Bu qəza ilə bağlı yayılan ilkin məlumatda qəza zamanı Elşad Kəlbəliyevə məxsus avtomobildə sükan arxasında Ələsgər Əliyevin olduğu bildirilirdi. Lakin sonradan “Range Rover”i avtomobil sahibinin özünün idarə etdiyi məlum oldu. Üstəlik, Elşad Kəlbəliyevin həmin vaxt sərxoş olduğu da aydınlaşıb.

“Qurtuluş 93”ün satış müdiri Elşad Kəlbəliyev həm də 2010-cu ildə yaradılan və 2020-ci ildə fəaliyyətini dayandıran “Əlincə” futbol klubunun prezidenti olub. Bu klubun təsisçisi də onun qayınatası idi./bizimyol.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password