Torpağı Vətən edən oğullar…

 

Oktyabrın 11-i Bakı Slavyan Universitetinin (BSU) məzunu, Vətən müharibəsi şəhidi Nicat Ayaz oğlu Şükürlünün anım günüdür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Nicat Şükürlü kimi igid, cəsur, qəhrəman oğulları Vətən müharibəsində böyük tarixi Qələbənin qazanılmasında misilsiz rol oynadılar.

Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsində anadan olub. 1998-2009-cu illərdə Bayıl qəsəbəsində yerləşən 49 nömrəli məktəb-liseydə orta təhsil alıb. 2009-2011-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-2019-cu illərdə BSU-nun Beynəlxalq münasibətlər,regionşünaslıq və jurnalistika fakültəsində ali təhsil alıb.O, BSU-nun təhsildə fərqlənən və universitetin ictimai-mədəni həyatında fəal iştirak edən tələbəsi kimi tanınıb. Eyni zamanda karate idman növü ilə məşğul olan Nicat Şükürlü respublikamızda keçirilən müxtəlif yarışlarda bir sıra nailiyyətlər qazanıb.

Azərbaycan Ordusunun çavuşu Nicat Şükürlü 2020-ci il sentyabrın 27-də erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun və Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olan Nicat Şükürlü oktyabrın 12-də Badamdar qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Nicat Şükürlü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidlik və şücaətə görə 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı , həmçinin Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidlik və şücaətə görə 24 iyun 2021-ci tarixli Sərəncamı ilə “Füzulinin işğaldan azad olunmasına görə” medalı ilə təltif edilib,təhsil aldığı 49 nömrəli məktəb-liseydə büstü qoyulub.

BSU-nun kollektivi bütün şəhidlərimiz kimi, Nicat Şükürlünün xatirəsini həmişə uca tutur, universitetin tədris binalarında şəhidlərimizin əziz xatirəsini yaşadan stendlər və guşələr yaradılıb.Qeyd edək ki, Vətən müharibəsi zamanı BSU-nun 100-dən çox məzunu müharibədə iştirak etmiş, Nicat Şükürlü ilə yanaşı ,Kənan Rüstəmli və Elnur Allahverdizadə şəhid olmuşlar.

Allah rəhmət eləsin!

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password