Rus agentliyindən şok iddia: “İran qorxur ki, Azərbaycan…”
“Son günlər baş verən hadisələr İranla Azərbaycan arasındakı ziddiyyətləri yeni səviyyəyə qaldırdı. Bakı və Tehran uzun illərdir bir-birinə inamsızlıq göstərdikdən sonra nəhayət tamhüquqlu əməkdaşlığa zəmin tapmış kimi görünürdü. Ancaq Qarabağdakı son savaş həm bölgədəki qüvvələr nisbətini, həm də Azərbaycan tərəfinin mövqeyini dəyişdi”.
Bu barədə Rusiyanın TASS agentliyində dərc olunmuş məqalədə bildirilib.
Məqalədə qeyd edilib ki, Tehran İsrailin Azərbaycanda olması və Türkiyənin bölgədə güclənməsindən narahatdır.
Məqalə müəllifi Smagin Nikitanın fikrincə, Təl-Əvivlə Bakı arasında əlaqələrin inkişafı Tehranı ciddi şəkildə narahat edir: “Hər şeydən əvvəl İran tərəfi “əbədi düşməni” (İsrail) üçün birbaşa şimal-qərb sərhədləri yaxınlığında baza qurmasından qorxur”.
Müəllif İranın hədə-qorxularına baxmayaraq, Azərbaycanın mövqeyinin dəyişməz olduğunu yazıb:
“Azərbaycana gəlincə, görünür, qərarını verib – İsraillə qarşılıqlı əlaqə ciddi və uzunmüddətlidir. Üstəlik, son Qarabağ müharibəsində qalib gələn Bakı kiminlə əməkdaşlıq etməli olduğunu yaxşı bilir və indi özünü çox inamlı hiss edir”.
Ermənistana gəldikdə, müəllif qeyd edib ki, Ermənistan ərazisi Şimal-Cənub nəqliyyat dəhlizi üçün alternativ yoldur: “Azərbaycan Qafqazda bu layihənin əsas iştirakçısı olaraq qalır. İran tərəfi də bu perspektivli tranzit marşrutu üçün alternativini itirmək istəməz”.
Məqalədə bildirilib ki, sərhədin hər iki tərəfindəki şiddətli ritorikalar və hərbi təlimlər Azərbaycanla İran arasında dərinləşən gərginlik baxımından risklər daşıyır: “Amma hərbi əməliyyatların başlayacağı gözlənilən deyil. Hər iki ölkə üçün bu, son dərəcə mənfi nəticələrə malik olan tamamilə dözülməz yükdür”.
Müəllifin fikrincə, qarşıdurmanın hibrid variantı nəzəri cəhətdən mümkündür, eyni zamanda çox böyük risklər də daşıyır:
“İranın digər ölkələrdə silahlı qruplaşmalar yaratmaqda böyük təcrübəsi var. Şiələrin üstünlük təşkil etdiyi Azərbaycan bunun üçün uyğun ola bilər. Amma Azərbaycanda milli kimlik dini kimlikdən qat-qat güclüdür və bu amil Qarabağdakı son qələbə fonunda vətənpərvərliyin artması ilə əlaqədar daha da güclənib. Üstəlik, Tehran bu strategiyadan hakimiyyət boşluğu olan ölkələrdə istifadə edir. Bugünkü Azərbaycan isə İraq və Livan kimi uğursuz dövlətə bənzəmir. Tehran özü də başa düşür ki, Azərbaycanda “Həşd əş-Şabi” və ya “Hizbullah” bənzər qruplaşmalar yarada bilməyəcək. Bunu qəbul etməkdən başqa çarəsi yoxdur”.
Müəllif qeyd edib ki, son illərdə İran və Azərbaycan arasında iqtisadi sahədə qurulan yüksək əməkdaşlıq da hibrid qarşıdurmanı istisna edir: “Bakı və Tehran yaxşı əməkdaşlıq səviyyəsinə çatıb və bunu inkişaf etdirmək ümidindədir. Gərginliyin başqa bir müstəviyı qalxması isə buna son qoya bilər. Buna görə də, hər iki ölkə mövcud gərginliyin açıq qarşıdurmaya çevrilməməsi üçün əlindən gələni edəcək. Amma problem ondadır ki, tərəflər arasındakı əsas ziddiyyətlər qalacaq”.
Müəllif Azərbaycanın müttəfiqlərinin artıq məlum olduğunu vurğulayıb:
“Artıq Bakı müttəfiqlərini seçib. Türkiyənin güclənməsi İranı İsrailin varlığından daha az narahat edir, amma bu da İran üçün vacib amildir. Bununla belə, İran seçim etmək məcburiyyətində deyil – Qafqazda həm Ankara, həm də Təl-Əvivlə məşğul olmalı olacaq”.
Məqalədə İranın istək və hədələrinə baxmayaraq, güzəşt edən tərəfin Azərbaycan olmayacağı diqqətə çatdırılıb: “Son müharibədən qalib çıxan Bakının belə bir ssenariyə bu qədər asanlıqla razılıq verəcəyi ehtimalı azdır. Hər halda, İran və Azərbaycan arasındakı gərginlik yaxın gələcəkdə müəyyən dərəcədə qalacaq. Eyni zamanda, hər iki tərəfin rasional mülahizələri vəziyyətin real qarşıdurmaya çevrilməməsinin qarşısını alacaq”. / teleqraf.com