Respublika Günü və Milli Müstəqillik Gününün adları niyə dəyişdirilir?

 

“Müstəqillik haqqında” qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, оktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması təklif edilir.

Həmin günlər hər il bayram kimi qeyd ediləcək.

Hazırda 28 may Respublika Günü kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür. 18 oktyabr isə Milli Müstəqillik Günüdür və iş günüdür.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov açıqlamasında qanun layihəsinin qəbulunu zəruri edən amillərdən danışıb.

Millət vəkili 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsini xatırladıb.

“Bu hüquqi Akt ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilib. Biz hər şeydən öncə buna aydınlıq gətirməliyik. Həmin Aktın ikinci maddəsində bildirilir ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Varis o deməkdir ki, biz yeni müstəqil olmuruq”, – deyə B.Məhərrəmov əlavə edib.

Deputatın sözlərinə görə, tam məntiqlidir ki, 28 mayı müstəqillik, 18 oktyabrı isə müstəqilliyimizin bərpası günü kimi qeyd edək:

“Qanun layihəsində də qanunvericilik təşəbbüsünün subyekti məhz bu prinsipi haqlı olaraq rəhbər tutub”.

Qeyd edək ki, qanun layihəsi parlamentin oktyabrın 11-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password