Baş nazirin kolleclərlə bağlı qərarına baxış: “Bu proses şəffaf olacaqmı?”
Təhsil eksperti: “Azərbaycanda nə universitetlər, nə də orta məktəblər dövlət büdcəsinə pul gətirir, yalnız mənimsəməklə məşğuldurlar”
Baş Nazir Əli Əsədov bir sıra kollecin yenidən təşkil edilməsi ilə bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Dövlət Pedaqoji Kolleci, Bakı Neft-Energetika Kolleci, İncəsənət Kolleci, İnşaat Kolleci, Musiqi Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, Bakı Texniki Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci publik hüqiqi şəxsə çevrilir. Bəs buna ehtiyac var idi mi?
Mövzu ilə bağlı suallarımızı təhsil Eksperti Kamran Əsədov cavablandırıb. Ekspert hesab edir ki, bu zəruri idi: “Bilirsiz ki, artıq 2016-cı ildən etibarən bəzi dövlət büdcəsindən maliyyələşən müəssisələrin publik hüquqi şəxsə çevrilməsi başlayıb. İlk növbədə qeyd edim ki, publik hüquqi şəxsin mövcud olması zəruri idi. Çünki dövlətin varlığı başlı başına bu konseptin yaranmasını tələb edir. Dövlət hüquqi şəxs olmadan davamlı ola bilməz, lakin dövlət sıradan bir şirkət, dərnək ya da ictimai birlik deyil. Dövlətin məqsədi pul qazanmaq deyil, onun kompleks hədəfləri və resursları var. Zor tətbiq etmə səlahiyyətinə sahibdir. Bu səbəblə o xüsusi (civil) hüquqa yox, publik hüquqa tabe bir hüquqi şəxsdir. Digər tərəfdən, dövlət aparatı daxilində əsas hakimiyyət qollarından biri olan icra hakimiyyəti qolunda da iyerarxiya münasibəti var, yəni tabeçili. Bu da dövlət aparatının ilişmədən və problemsiz işləməsinə yönəlir. Lakin bəzi hallarda elə bir icra strukturu yaradılmalı olur ki, bunlar mərkəzi icra hakimiyyətinin iyerarxiyasına texniki, siyasi və hüquqi səbəblərə görə daxil olmamalıdır. Başqa sözlə, Prezident (Nazirliyə) tabe olmamalıdır. Siyasi səbəblərdən misal verəsi olsaq, məsələn, Mərkəzi Seçki Komissiyası müstəqil olmalıdır. O, müstəqil publik hüquq şəxsi sayılmalıdır, halbuki sayılmır. Başqa bir misal bələdiyyədir. Bələdiyyə şirkət deyil, QHT deyil, onun məqsədi pul qazanmaq deyil. O bir publik hüquq şəxsidir. Başqa bir misal Milli Televiziya və Radio Şurası (MTRŞ), o da müstəqil olmalıdır, yəni publik hüquq şəxs olmalıdır”.
“Publik hüquq şəxsinin həqiqi müstəqilliyini təmin etmək üçün, o fərmanla qurulmamalıdır, o ayrıca qanunla qurulmalıdır. Fərmanı hər an dəyişib həmin orqanın statusuna və müstəqilliyinə son qoymaq mümkündür. Yəni fərmanla qurulan publik hüquq şəxsinin müstəqilliyi həqiqi ola bilməz. Burda maliyyələşmə təkcə valideynlərin ödəniş etməsi kimi nəzərdə tutulmur. Bilirsiniz ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, dövlət pulsuz təhsil verməyi öz üzərinə götürüb. Burada tamam başqa formada maliyyələşmədən söhbət gedir. Yəni hər bir məktəb xidmət göstərməlidir. Bu gün təkcə Bakı şəhəri üzrə 700 dən çox hazırlıq kursu, tədris mərkəzi və sayı heç də 10 mindən az olmayan bu və ya digər fəaliyyət və fənlərdən repititor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşdirilmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyirlər, həm də gəlir əldə edirlər”, – deyə ekspert fikrini davam etdirib.
Əsədov təhsil müəssisələrinin bir sıra qanuni yolla gəlir əldə edə biləcəyinə diqqət çəkib: “Bilirsiniz, hər bir təhsil müəssisəsində yaradılmış şəraitlə böyük məbləğdə gəlir əldə etmək imkanı var. Əlbəttə ki, qanuni əsaslarla. Daha indi bir çox məktəb direktoru qeyri qanuni yolla məktəbliləri dərsdən buraxmaq, onlara yüksək qiymət yazmaq yolu ilə yox. Təhsil müəssisəsinin binası və infrastrukturunu dərsdən sonra geniş şəkildə istifadə etmək olar. Belə ki, təhsil müəssisəsində rəqs dərsləri, şahmat dərsləri keçirmək olar, eyni zamanda ixtisaslı kadrlar öz sahələri üzrə məhsul istehsal edə bilərlər. Bununla yanaşı, rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən gəlir əldə edə bilər. Bunlardan başqa, məktəb qrant layihələri, tender və müsabiqələrdə iştirak etməklə öz gəlirini artırılmaq imkanlarına malikdir”.
Ekspert qeyd edib ki, 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bununla bağlı hüquqi tənzimləmə üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar hazırlanıb: “Orta ixtisas və peşə məktəbin rəhbərliyi öz kontingentindən istifadə etməklə məktəbdə treninqlər, təlimlər keçirə bilər ki, bundan da böyük həcmdə vəsaitin əldə edilməsi mümkündür. Digər tərəfdən, qanunvericilik aktlarına görə dövlət minimum təhsil verməyə borcludur. Bundan başqa, orta ixtisas, peşə məktəbləri dərsdən sonra ödənişli təhsil xidmətləri göstərə bilərlər ki, bu zaman valideynlər könüllü olaraq ödəniş edə bilərlər. Amma birbaşa orta ixtisas təhsili müəssisələrinin, peşə məktəblərin pullu olması mümkün deyil”.
“Xatırladım ki, ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir”, – deyə Əsədov bildirib.
Ekspert həmçinin qeyd edib ki, 2011-ci ildə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin tələblərinə görə Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir: “Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir. Bununla bərabər, orta məktəb öz maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğun verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları ala bilər. Bu o deməkdir ki, qanunvericilik aktlarına görə məktəblərin maliyyə mənbəyi və gəliri açıq şəkildə göstərilib. Yəni heç bir halda, məqsəd və məramından asılı olmayaraq, orta məktəblərdə satış yarmarkası, hansısa evdə bişirilmiş, hazırlanmış məhsulların pulla satılması yolverilməzdir”.
“Məktəblər xeyriyyə, sosial kampaniyalara qoşula bilərlər. Amma bu kampaniyalar hansısa kommersiya məqsədi daşıya bilməz. Buna yol verən məktəb direktoru qanunvericiliyin tələblərini ciddi şəkildə pozur. Çünki məktəb binaları daxilində satışa çıxarılan məhsulların sağlamlıq, gigienik qaydalara nə qədər uyğun olub-olmaması məlum deyil və bu şagirdlərin sağlamlığı üçün təhlükəli ola bilər”, – deyə ekspert fikrini davam etdirib.
Kamran Əsədov söyləyib ki, orta ümumtəhsil müəssisələri də özlərini maliyyələşdirməlidir: “Pullu xidmət dedikdə dərsdənkənar rəsm, rəqs, hansısa bir idman növü üzrə bilik və bacarıqların şagirdlərə öyrədilməsi nəzərdə tutulur. Orta ümumtəhsil müəssisələri özlərini maliyyələşdirməlidir. Onlar təhsil xidməti göstərməlidir. Sadəcə bu istiqamətdə qarşıya qoyulan vəzifəni təmin edəcək kadrlarımız yoxdur. Bu gün ölkə büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsil sahəsidir. Ancaq bununla bərabər təhsil müəssisələri özləri-özlərini təmin etməyi də bacarmalıdırlar. Məsələn, Sinqapurun iki universiteti hər il ölkə büdcəsinə 1 milyard dollara yaxın vəsait gətirir. Azərbaycanda isə nə universitetlər, nə də orta məktəblər dövlət büdcəsinə pul gətirir. Yalnız mənimsəməklə məşğuldurlar. Ona görə də onlar dövlətin təhsil proqramında nəzərdə tutulmayan xidmətlər üzrə pullu xidmət göstərə bilərlər”.
“Yəni əlavə xidmətlər ödənişli olacaq. Lakin problem kadr məsələsindədir. Bu istiqamətdə bacarıqlı, peşəkar kadrlar, direktorlarımız yoxdur. Ona görə də, ilk növbədə lazımı qədər maliyyə biliyinə malik kadrları yetişdirməliyik. Düşünürəm ki, bu minvalla Azərbaycandakı orta məktəblər bir neçə ildən sonra publik hüquqi şəxsə çevriləcək. Məktəblər məcbur olacaq ki, keyfiyyətli təhsil versin. Keyfiyyətli təhsil fonunda isə, şagird günün ikinci yarısında hazırlığa getməz. Dünyada qəbul edilən proses bundan ibarətdir. Bu mənada maliyyələşmə orta məktəblərə pis təsir göstərməyəcək. Əksinə, onların maliyyəsi artacaq və büdcədən asılıqları aradan götürüləcək. Ondan sonra isə təhsildə fərqlənən şəxslərə əldə edilmiş vəsait hesabına mükavatlar veriləcək. Məsələ ondan ibarətdir ki, bu proses şəffaf olacaqmı? Yəni məktəb direktorları əldə edilmiş gəlirləri yenə də öz yaxınlarına, qohumlarına təyin edəcəklərmi? Ən vacib məsələ prosesdə şəffaflığın və hesabatlılığın formalaşdırılmasıdır”, – deyə Əsədov fikrini yekunlaşdırıb./ayna.az