Tarixi rekord yenilənir: “Neftin qiyməti 145 dolları keçə bilər” – Enerji eksperti

 

Azərbaycan neftinin bahalaşması davam edir. Həftə ərzində dünya bazarında “Azeri Light” (CIF) markalı neftinin 1 barelə olan qiyməti 1,59 ABŞ dolları və ya 1,9% artaraq 85,15 dollar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 68,27 dollar təşkil edib ki, bu da illik müqayisədə 25,09 dollar və ya 58,1 faiz çoxdur.

Beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru, enerji eksperti Emin Axundzadə qiymət artımına təsir edən faktorları şərh edib.

O bildirib ki, hazırda proqnoz vermək asan deyil, çünki bazardakı dinamika sürətlə dəyişir: “Neft qiymətlərinin artımını şərtləndirən ən böyük faktor Avropada təbii qaz qiymətlərinin kəskin artmasıdır. Niderlandın TTF habında təbii qaz qiymətləri təqribən 40 faiz artaraq 1 970 dolları keçib. Bu yüksəlişi Böyük Britaniyanın NBP habında da müşahidə edirik, gün ərzində NBP-də 40 faiz qiymət artımı olub. Avropada təchizat qıtlığı yaşandıqca, iqlim şərtləri dəyişdikcə qiymət artımları mütəmadi hal alır. Bu da təbii olaraq neft qiymətlərinin artımını şərtləndirir. Son dövrlərdə Avropada təbii qazın payı elektrik enerjisinin istehsalında kəskin artıb. Çünki Avropanın qarşısında duran əsas hədəflərdən biri yaşıl enerjiyə keçid strategiyası idi. Bu istiqamətdə 2050-ci ilə qədər karbon emissiyasını sıfır faizə qədər azaltmağı planlaşdırır. Ona görə karbon qiymətləri son 1 ildə dörd dəfə artıb, kömürün tonu isə 275 dollar çataraq rekord təzələyib.

Payız aylarında neftə olan tələbat digər mövsümlərlə müqayisədə daha az olur. Buna baxmayaraq təbii qazda yaşanan böhran neftə olan tələbatı kəskin artırıb”.

Anlitik deyir ki, bazardakı qeyri-tarazlıq gözləntilərdən daha çoxdur: “Təbii qazın neft ekvivalentindəki dəyəri 320 dolları ötüb. Bu o deməkdir ki, “mavi yanacaq” neftdən təxminən dörd dəfə baha satılır. Bir il əvvəl neft ekvivalentində təbii qazın dəyəri neftin 60 faizini təşkil edirdi. Bu gün yeraltı qaz anbarlarının doluluq səviyyəsi son 10 ilin ortalama rəqəmlərindən aşağıdır. Hazırda anbarlar 72 faiz doludursa, bir il əvvəl bu göstərici 94 faiz idi. Demək olar ki, oktyabrın əvvəllindən anbarları doldurmaq sezonu başa çatıb. Əgər qış daha sərt keçərsə, təbii qaz nöqteyi-nəzərdən bazarda ciddi təchizat boşluğu gözlənilir. Bu da neftə olan tələbatın artımını şərtləndirir.

Brent markalı neftin qiyməti 80 dollardan yuxarı səviyyədə ticarət olunur. Bunu da əsasən OPEC+ ölkələrinin qərarlarından sonra müşahidə etməyə başladıq. Ötən ay ABŞ prezidenti OPEC+ ölkələrinə daha çox neft hasil etməklə bağlı müraciət etmişdi. Bazarlarda belə bir gözlənti var idi ki, tarazlığın yaranması üçün növbəti ayda OPEC+ ölkələri 400 min barel yerinə ən az 800 min barel səviyyəsində neft hasilatını artıracaq. Amma OPEC+ ölkələri iclasda əvvəlki razılaşmaya sadiq qaldı. Bu da öz növbəsində qiymətlərin yuxarı istiqamətli hərəkətini sürətləndirdi.

Qısamüddətli dövrdə OPEC+ ölkələrin hasilatı artılmaq gücü yoxdur. Son 18 ay ərzində neft sahələrinə çox cüzi investisiyalar qoyulub. Yeni investisiyalar demək olar ki, qoyulmadı.

Son 3 ayda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hasilatı 1,9 milyon barel artırıb. Çünki bu ölkələr qısa müddətdə hasilatı artırıb azaltmaq kimi manevr imkanlarına sahibidir. Digər ölkələrin ixracında azalmalar müşahidə edirik. Ona görə istəsələr belə, qısa müddətdə neft hasilatını artıra bilmirlər”.

Emin Axundzadənin qənaətincə, hələ uzun illər neftə olan ehtiyac artacaq: “Ötən il pandemiyanın ən ağır dönəmlərində bir çox proqnoz verən şirkətlər neftin pik həddə çatdığı dövrün artıq başa çatdığını düşünürdülər. Neft erasını bitmiş hesab etdiklərinə görə, bundan sonra hasilatın azalacağı qənaətində idilər. Amma bu gün tam tərsi oldu. OPEC-in sentyabr hesabatında qeyd olunub ki, 2030-cu ilə qədər dünyada neft tələbatı artmağa davam edəcək. Hesabata əsasən, 2045-ci ildə neft dünyada ən çox istehlak edilən yanacaq növü olacaq. Bu da hələ uzun illər neftə olan ehtiyacın artacağına bir işarədir.

Bu gün alternativ enerjiyə ciddi maraq olsa da, böhran onu göstərdi ki, bu enerjidən istənilən vaxt rentabelli istifadə etmək mümkün deyil. Bu il Avropada külək çox olmadığına görə, külək enerjisində istehsal azldı. Bəzi bölgələrdə quraqlıq olduğuna görə, hidroenerjinin istehsal səviyyəsi düşdü. Alternativ enerjinin ən böyük problemlərindən biri onun saxlanılmasıdır. Yəni istehsal olunan zaman həmin enerji istifadə olunmalıdır. Burada da gözləntilər özünü doğrultmadı”.

Təhlilçinin proqnozlarına görə, həm təbii qazın, həm də neftin qiymət artımı növbəti günlərdə də davam edəcək: “Əgər qış gözləniləndən sərt keçərsə, neftin qiyməti 100 dolları keçə bilər. Hətta bəzi anlitiklər düşünür ki, hiperinflyasiya bu şəkildə davam edərsə, neft tarixi rekordurunu yeniləyə bilər. Yəni 2014-ci ildən əvvəl neft qiymətləri 145 dollardan yuxarı həddə qalxmışdı. Hazırda birjalara baxdığımız zaman neft qiymətlərinin il sonuna qədər 100 dollardan yuxarı keçəcəyini proqnozlaşdırmaq olar.

Hazırda təbii qaz qiymətlərinin artması birbaşa olmasa da, Azərbaycana dolaysilə faydası var. “Mavi yanacağın” qiymətinin artması neft gəlirlərinin artmasını şərtləndirir. Ölkəmizin təbii qaz müqavilələri neftə indeksli olunduğuna görə, neft qiymətlərinin artması təbii qaz gəlirlərinin artmasını da şərtləndirir.

Mövcud şəraitdə TAP boru kəmərinin ikinci mərhələsinin reallaşması da tez baş verə bilər. Bunun üçün də yeni müqavilələrin imzalanması lazımdır. Bu zaman Azərbaycan yeni əlverişli fürsətlər əldə edəcək və öz ixrac potensialını artırılmasına şərait yaratmış olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password