Bakı, Ankara və Moskvaya İran da qoşulur – Perinçək
Ankara Bakı ilə Tehran arasındakı məsələdə konstruktiv rol oynaya bilər.
Bu sözləri açıqlamasında tarix elmləri doktoru, İstanbul universitetinin professoru, türkiyəli siyasi ekspert Mehmet Perinçek deyib.
“Birincisi, Azərbaycan və İranın, həmçinin Türkiyə və Rusiyanın obyektiv maraqlarının üst-üstə düşdüyünü vurğulamaq lazımdır. Qərb qüvvələrinin regiona müdaxiləsinin qarşısını almaq hər kəsə sərf edir, ölkələrimiz regionun sabitləşməsində və iqtisadi inteqrasiyanın inkişafında maraqlıdır. Şübhəsiz ki, burada Qarabağ müharibəsi böyük rol oynadı. Çünki yalnız qələbə ilə sabitliyi təmin etmək mümkün idi. Azərbaycanın ərazi bütövlüyü təmin olunmasaydı, regionda xaos hökm sürərdi və münaqişənin bərpası riskləri çox böyük olardı. Azərbaycanın qələbəsi bu imkanları aradan qaldırdı, ona görə də bu, İrana, o cümlədən Ermənistana da sərf edir.
Cənab Prezident İlham Əliyev bir neçə dəfə Paşinyanı “Sorosun uşağı” adlandırıb. Bu məsələdə İran düşməninin adı səslənir, çünki ölkə üçün əsas təhlükə ABŞ-dır. Kimin hansı mövqeyi tutması aydındır. Azərbaycan Ordusu vəziyyəti axarına qoydu və bununla da İrana arzuladığı sabitliyi bəxş etdi. Beləliklə, region ölkələrinin iqtisadi və siyasi inteqrasiyası inkişaf etməyə başladı.
İran sevinməlidir ki, Zaqafqaziya sabit sülh şansını qazanıb, Qərbin alətləri ləğv edilib”, – deyə professor qeyd edib.
Onun sözlərinə görə, İran-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi İranı Qərbin tələsinə ata bilər:
“Regional ölkələrdə yaranan xaos mütləq ki, 3-cü dövlətləri cəlb edəcək. Çünki bu yolla onlar regiona müdaxilə etmək imkanı əldə edəcəklər. Münaqişə zamanı hər iki tərəf zəifləyir və bu da həmin ölkələr üçün üstünlükdür. İstənilən halda, zəif Azərbaycan və zəif İran kifayət qədər əlverişli mənzərədir. Ona görə də Qərbin tələsinə düşmək olmaz!
Tehran bir şeyi başa düşməlidir: Azərbaycanın ərazi bütövlüyü İranın təhlükəsizliyinin qarantıdır. Sərhəddəki vəziyyət də sabitliyin pozulmasına gətirib çıxara bilər. Bu da Amerika planları üçün yaşıl işıqdır”.
Ekspert qeyd edib ki, İran öz mənfi niyyətlərindən əl çəkməli, Azərbaycan-Türkiyə əməkdaşlığının mahiyyətini anlamalıdır:
“İran başa düşməlidir ki, Ankara ilə Bakı arasında hərbi-iqtisadi və siyasi əməkdaşlıq bu ölkələrin milli təhlükəsizliyini qorumaq üçün yaradılıb. Əməkdaşlığın ekspansionist məqsədləri yoxdur, hansısa ərazilərin ələ keçirilməsinə yönəlməyib. Bu ölkələr milli maraqlar uğrunda mübarizə apararkən İranın maraqlarını da müdafiə edirlər, çünki bu ittifaq Qərbin regiona müdaxiləsinə qarşıdır.
Bir məqsədimiz var. O da Qərb ölkələrinin regional məsələlərə qarışmasını qarşısını almaq. Məhz buna görə belə əməkdaşlıq Tehranı sevindirməlidir”.
“Əgər biz obyektiv maraqlarımızın tamamilə üst-üstə düşdüyünü anlayırıqsa, onda ölkələrimiz arasındakı anlaşılmazlığı aradan qaldıra bilərik. Qərbin müdaxiləsinə qarşı səylərimizi birləşdirsək, onda regiondakı istənilən problemi aradan qaldıracağıq.
Hesab edirəm ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu “3+3” platformasını təklif edilməsi çox əhəmiyyətlidir. Platforma vasitəsilə bu cür problemləri müzakirə edə və tez həll edə bilərik. Türkiyə isə Bakı və Tehran arasında konstruktiv rol oynaya bilər. Biz bu platformanın yaradılmasını tezləşdirsək, daha asan olacaq”, – həmsöhbətimiz əlavə edib.
O, həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvaya dünənki səfəri mövzusuna da toxunub:
“Hesab edirəm ki, Lavrovun İranın xarici işlər naziri ilə Moskvadakı görüşü də bu məsələdə mühüm əhəmiyyət kəsb edir. Lavrov iranlı həmkarı ilə “3+3” platformasının yaradılması təşəbbüsünü müzakirə edib, İran tərəfi isə Lavrovun sözlərinə müsbət münasibət bildirib. Tehran tezliklə bu platformanın yaradılması ilə bağlı niyyətlərini ortaya qoymalıdır. Əminəm ki, Bakı, Ankara və Moskva artıq startdadır”.