Azərbaycan İranın “iştahı” üçün çox böyükdür – Abdullah Ağar

 

İran həm haqsızdır, həm də təcavüzkar formada davranır. Azərbaycan İrana qarşı heç bir şey etməyib. İranın nədən narahat olduğu, nəyi hesabladığı bəlli deyil, ancaq israrla Azərbaycana təzyiq göstərməyə çalışır.

Bunu açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Onun sözlərinə görə, İranın narahatçığının və atdığı aqressiv addımların bir neçə səbəbi var:

“İran yəqin ki, Türkiyənin Pakistan və Azərbaycanla ittifaqı inkişaf etdirməsindən narahatdır. Digər tərəfdən İranın Ermənistanla bağlı öz hesabları var, lakin Qarabağ zəfəri ilə bu hesablar böyük yara alıb. İran eyni zamanda Zəngəzur dəhlizi vasitəsilə açılacaq yola son dərəcə qarşıdır.

Başqa bir önəmli məqam odur ki, Türkiyə ilə Azərbaycanın gerçəkləşdirdikləri əməkdaşlıq İranın, başda Yaxın Şərq coğrafiyası olmaqla, bütün islam dünyasında həyata keçirdiyi metodologiyanı, yəni istifadə etdiyi teoloji nəzəriyyə və taktikanı pozacaq konseptual bir təşəbbüskarlığı ortaya qoyur. Nəticədə iki türk dövlətinin əməkdaşlığı, İranın daxilindəki türk varlığı, həmçinin cəmiyyətin müxtəlif təbəqələrinin İkinci Qarabağ müharibəsi zamanı Ermənistana edilən yardıma görə dövlətdən narazılığı ifadə edən bir sıra refleksləri göstərməsi bu dövləti narahat edir. Müharibə zamanı İranın Ermənistanın yanında olduğunu və ona yardım etdiyini görən hər vicdanlı və əxlaqlı İran vətəndaşı öz dövlətinin bu siyasətinə qarşı çıxıb”.

Ağar İranın bu məsələdə haqsız olduğunu xüsusi vurğulayıb:

“İran bu məsələdə son dərəcə haqsızdır. Bəli, Azərbaycanın İsraildən almış olduğu silahlar var. Bu bilinən bir gerçəkdir. Ancaq Azərbaycanı İsraili Cənubi Qafqaz bölgəsinə yerləşdirməkdə ittiham etmək çox ağır iftiradır. İran bu məsələ üzərindən özünə görə səbəblər ortaya çıxarmağa çalışır. Ancaq etdikləri böyük bir haqsızlıq və yanlışdır. İran öz əməlləriylə Azərbaycanın milli iradəsinə, haqlı savaşına və haqqa, haqlılığa həqarət edir. Bu, İrana yaraşmır. İranın daha ağıllı, daha birləşdirici olması, bu yöndə qərarlar verməsi lazımdır. İran Azərbaycanın zəfərindən narahat olmasın. Azərbaycanın İranın torpağında gözü yoxdur və İrandakı vəziyyətin qeyri-sabit olmasını istəmir. Amma İran öz etdiklərindən, qorxularından qorxa bilər. Buna da haqqı var. İran Azərbaycanı iştahından keçirməsin. Azərbaycan onun iştahı üçün çox böyükdür. O qədər dəliqanlıdırsa, getsin əməkdaşlıq etdiyi düşmənlərinə cavab versin”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password