Putindən Ərdoğana sensasion təklif: “Bu iddiadan əl çək, biz də…”
“ABŞ Suriyadakı hərbi qüvvələrini çıxaracaq”.
Bunu Rusiya Prezidenti Vladimir Putinin xarici siyasətinin ideooqlarından biri olan Aleksandr Duqin deyib.
O, ABŞ-ın Suriyadan çəkiləcəyini və bunun tədricən olacağını iddia edib.
ABŞ-ın geri çəkilməsi ilə bütün məsələlərin həll olunmayacağını bildirən Duqin vurğulayıb: “ABŞ geri çəkilsə belə, böhranlar yaratmağa davam edəcək. Bu nöqtədə prosesləri müəyyən edən yeganə faktor Rusiya, Türkiyə və İranın münasibəti olacaq”.
İdlibdə artan gərginliyi və Rusiyanın himayəsindəki Təl Rıfat, Menbiç, Ayn İsa, Ayn əl-Ərəb kimi şəhərlərdə varlığını davam etdirən PKK terror təşkilatının hücumlarını dəyərləndirən Aleksandr Duqin bunları söyləyib:
“Bütün təxribatların arxasında ABŞ dayanır. PKK-PYD silahlılarını təhrik edirlər. Hətta İdlibdəki digər radikal qruplaşmalar da ABŞ-dan asılıdırlar. Üçüncü tərəflərdən istifadə edərək təxribat törədirlər. Onların gücünü zəiflədəcək yeganə formul Suriya, Türkiyə, Rusiya, İran və İraq kimi aktorların birlikdə hərəkət etməsidir”.
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən əvvəl “Orduda hərəkətlənmə var” sözləri ilə diqqət çəkən Aleksandr Duqin bu informasiyanı etibarlı kanallardan əldə etdiyini söyləyib:
“Qərb ölkələri 2015-ci il təyyarə olayından sonra Ərdoğanın Rusiya ilə yaxınlaşmaq istəyini çox yaxşı oxudular. Bunun faydalarını hesabladılar və Türkiyə-Rusiya yaxınlaşmasına cavab olaraq 15 iyul ssenarisini planlaşdırdılar və həyata keçirməyə çalışdılar. Yeni dünya nizamının formalaşacağını bilirdilər. ABŞ və digər ölkələr 15 iyuldan əvvəl gücünü və təsirini itirdilər. Artıq Ərdoğan administrasiyasına qarşı hərbi çevriliş ehtimalı yoxdur. Türkiyə-Rusiya münasibətləri də həlledici rol oynayır. Başqa üsulları sınaya bilərlər, bunu edəcəklər, amma birbaşa çevrilişə cəhd edə bilməzlər”.
Duqin Türkiyə və Rusiya liderlərinin Soçidəki görüşünə də diqqət çəkib.
O, Soçidə ən ciddi fikir ayrılığının Krımla əlaqədar olduğunu qeyd edən Duqin söyləyib:
“Rusiyanın bu mövzuda güzəştə getmə ehtimalı yoxdur. Krımı öz ərazisi olaraq görür. Ukrayna ilə münasibətlərimiz Türkiyənin Yunanıstanla problemləri kimidir. Biz türk-yunan məsələsinə müdaxilə etmədiyimiz kimi, Türkiyə də Ukrayna ilə problemlərimizdə tərəf olmamalıdır. Türkiyə Krım iddiasından əl çəksə, Rusiya da Şimali Kipr Türk Cümhuriyyətini dövlət olaraq tanıyacaq”.
Duqinə görə, Rusiya və Türkiyə bundan sonra hərbi və iqtisadi baxımdan bir daha üz-üzə gəlməyəcək:
“Rusiya Türkiyənin “Mavi Vətən” doktrinasını dəstəkləyir. Aralıq dənizində güclənən Türkiyənin burada apardığı qazma işləri Liviya məsələsinin həllində də həlledici rol oynayır. Bu baxımdan Rusiya Türkiyənin güclənməsini dəstəkləyir”. / teleqraf.com