Azərbaycanın sülh təklifinə reaksiya: Ermənistanın istəyi…
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa müsahibə:
Onunla müsahibəni təqdim edirik:
– Fazil bəy, Azərbaycan tərəfi Ermənistanla danışıqlara hazır olduğunu bəyan edib. Sizcə, qarşı tərəfin cavabı necə olacaq?
– Əsas prinsip odur ki, Azərbaycanla heç bir şərtlə danışmaq olmaz. Ölkəmizin mövqeyi birmənalıdır. Azərbaycan dövləti hazırda o mövqedən çıxş edir ki, Ermənistan bu danışıqlarda iştirak etsə də, etməsə də biz öz istiqamətimizi yaxşı bilirik. Əslində Ermənistanın bu danışıqlara ehtiyacı var. Sözsüz ki, müharibədən öncə Azərbaycanın belə danışıqlarda maraqlı olduğu faktdır. Çünki bizim məqsədimiz məsələni danışıqlar yolu ilə həll etmək idi. Amma Azərbaycan öz torpaqlarını müharibə yolu azad etdi. Ermənistan indi bu şərtləri qəbul etməlidir. Ona görə də danışıqlar başlamadan erməni tərəfinin hansısa bir “ərköynlüyünün” heç bir mənası yoxdur. Əslində dövlət başçısının bu addımı Ermənistanı çətin vəziyyətə salır. Çünki onlar hər zaman açıqlayıblar ki, guya Azərbaycan konstruktiv mövqe tutmayıb. Amma Azərbaycanın konstruktiv mövqeyi ortadadır. Azərbaycan sülhə, danışıqlara hazır olduğunu bəyan edir. Amma bu da beynəlxalq hüquq çərçivəsində olmalıdır. Eyni zamanda kənardan hansısa bir təzyiqlərin olması da qəbul edilmir. Bu da məqbul bir yanaşmadır. Çünki bunun başqa bir alternativi yoxdur.
– Revanşizm və “status”la bağlı fikirlərin eşidildiyi erməni cəmiyyəti sülhə hazırdırmı?
– Paşinyanın nə edəcəyi, erməni cəmiyyətinin hansı addımlar atacağı qətiyyən Azərbaycanı maraqlandırmır. Bizi maraqlandıran odur ki, bölgədə sülh olsun. Bu, ermənilərin və Paşinyanın qeyri-normal mühitdən çıxıb normal yaşamasına yönəlmiş bir addımdır.
– Ermənistan yenidən sülhdən uzaqlaşarsa, bu, hansı nəticələr yarada bilər?
– Bir xalqın evini ən çox onun kənarda yaşayan insanları yıxır. Koliforniyada, Parisdə, Marseldə yaxşı konfortda yaşayan ermənilərin kitabda oxuduğu zərərli “nəzəriyyələri” Ermənistanın real cəmiyyətinə təlqin etməsi sonda acı həqiqətlər yaradır. O insanlar “ermənilərin dünyanın ən ali irq, ilk doğulan insanlar, onlar türklərdən qisas almalıdır” kimi mənasız ideologiyanın eyforiyasına düşüblər. Onlar da bu yanlış ideologiya üçün mübarizə aparmağa çalışırlar. Ermənistana da bu mərkəzlərdən maddi yardımlar edilir. Bu səbədən də lobbinin erməni cəmiyyətinin üzərində böyük təsir imkanları var. Amma Ermənistanda yaşayan erməni üçün artıq heç bir ideologiyanın mənası yoxur. Bu ölkədə keçirilən son seçkilər də bunu açıq şəkildə göstərdi. Ermənistanda Paşinyana səs verənlər də diasporda əyləşənlər deyildi. Ermənistanda yaşayan ermənilər səs verdilər ki, Paşinyan Ermənistanı məğlubiyyətə apararaq onu lazımsız siyasətdən uzaqlaşdırıb, realizmə qayıtmasına yardım edib. Ona görə də hələ də xaricdə oturub Ermənistandakı qruplara ümidlər verirlər ki, “status” alacayıq. Bəzi siyasətçilər də bu vədlərə inanır. Amma nə qədər tez reallığı dərk etsələr, onlar üçün da daha münasib vəziyyət yaranacaq.
– İndiki şəraitdə Paşinyanın rəqiblərinə, “Qarabağ klanına” qarşı sərt addımları nəyə hesablanıb?
– Hazırda Ermənistanda siyasi revanşist qüvvələr mövcuddur. Bu, tək “Qarabağ klanı” ilə bu məhdudlaşmır. Belə qüvvələr diasporda, siyasətdə, “Qarabağ klanı”nın içində də ola bilər. Sadəcə olaraq indiki halda Ermənistanda Paşinyan hakimiyyətinin möhkəmlənməsi üçün addım atır. Bu məqsədlə də hakimiyyətinin güclənməsinə mane olan bütün qüvvələri sıradan çıxarır. Bu həbslər də onun tərkib hissəsidir. Ermənistanda tək “Qarabağ klanı” üçün hansısa bir məhvedici addım atılsa, bu, ümumilikdə ölkə üçün də məqbul sayılmaz. Paşinyan da bu halda böyük təzyiqlərlə üzləşə bilər. Çünki erməni diasporu “Qarabağ klanı”na böyük yardımlar edir. Eyni zamanda hazırkı mərhələdə Paşinyan müharibədəki məğlubiyyətin günahını kimlərinsə üzərinə atmaq istəyir. Bu da gözlənilən bir manevr idi. / teleqraf.com