Sülhməramlıların yeni komandanı haqqında – Beş fakt
Sentyabrın 25-də Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı, Rusiya qəhrəmanı, general-leytenant Gennadi Anaşkini Ermənistanın müdafiə naziri Arşak Karapetyana təqdim edib. Sentyabrın 29-da isə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gennadi Anaşkinlə görüşüb. Bununla da G.Anaşkin sülhməramlıların yeni komandanı kimi vəzifəsinin icrasına başlayıb.
Sülhməramlıların yeni komandanı haqda 5 faktı.
1. Gennadi Anaşkinin neçə yaşı var?
17 dekabr 2021-ci ildə Gennadi Anaşkinin 53 yaşı tamam olacaq. O, Kuybışev (hazırda Samara) şəhərində anadan olub. 1987-ci ilin iyununda Sovet Ordusu sıralarına daxil olub və Almaniyadakı sovet qoşunlarında xidmət edib.
1989-cu ilin avqustunda Ryazan Ali Hava-Desant Komandirləri Məktəbinə daxil olub. Buranı 1993-cü ildə bitirib və 337-ci qvardiya paraşüt-desant alayında xidmət edib.
2. Gennadi Anaşkin hansı elit birləşməyə komandirlik edib?
Gennadi Anaşkin 2012-ci ilin avqustundan 2014-cü ilin avqust ayınadək 31-ci qvardiya əlahiddə desant-hücum briqadasına komandirlik edib.
3. Gennadi Anaşkin niyə Rusiya qəhrəmanı oldu?
Rusiya Federasiyası Prezidentinin 5 sentyabr 2008-ci il tarixli fərmanı ilə polkovnik Gennadi Anaşkin Cənubi Osetiya və Gürcüstanda gedən döyüşlər zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə Rusiya Federasiyasının qəhrəmanı adına layiq görülüb. O, həmin vaxt 104-cü qvardiya hava-desant alayına rəhbərlik edirdi.
4. Ukrayna hüquq-mühafizə orqanları Gennadi Anaşkini nədə ittiham edir?
Ukrayna Baş Prokurorluğunun məlumatına görə, 2014-cü ilin mart ayında 31-ci əlahiddə desant-hücum briqadasının komandiri və 50-yə yaxın hərbçi A2320 hərbi hissəsini (Ukrayna Hərbi Dəniz Qüvvələrinin 36-cı Sahil Mühafizəsinin ayrıca briqadası) əhatəyə və blokadaya alıblar.
5. Gennadi Anaşkin hansı sülhməramlı əməliyyatlarda iştirak edib?
Gennadi Anaşkin 1999-cu ilin dekabrından 2000-ci ilə qədər Bosniya və Herseqovina Respublikasında paraşüt-desant batalyonunun komandiri olub. / teleqraf.com