Rafael Cəbrayılov son nəfəsində günahkarların adını açıqladı
Xəbər verdiyimiz kimi, keçmiş deputat Rafael Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib.
Koronavirus infeksiyasına yoluxan keçmiş deputat Binə qəsəbəsində yerləşən İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə olunurmuş (Yeni Klinika isə açıqlama yayaraq, onun bu xəstəxanada müalicə aldığını və burada da dünyasını dəyişdiyini bildirib – red.). Bir neçə gün əvvəl onun vəziyyəti ağırlaşıb və bu gün səhər saatlarında öldüyü məlum olub. Rafael Cəbrayılovun nəşi morqa aparılıb.
“Rafael Cəbrayılov işi”ndə zərərçəkən kimi tanınan şəxslərdən biri keçmiş deputatın ölümündən xəbər tutan kimi morqa gedib və orada Rafael Cəbrayılovun yaxınlarından heç kəsin olmadığını görüb.
Əldə etdiyimiz məlumata görə, keçmiş deputat son gününə qədər qardaşları Rauf Cəbrayılovla Elşən Cəbrayılovu ittiham edib. O, vəziyyəti ağırlaşan zaman zərərçəkənlərə xəbər göndərərək bildirib ki, baş verənlərdə onun suçu yoxdur. Onları aldadan qardaşları olub.
“Dedi ki, qardaşlarım məni müflis etdi, həbsxanaya düşməyimə səbəb oldu. Koronavirusdan öləcəyinə inanmırdı. Deyirdi ki, yaxınlarımın etdikləri məni öldürəcək. Sözlərindən məlum olurdu ki, həbsxanada da ona baş çəkməyiblərmiş”, – adının çəkilməsini istəməyən zərəçəkənlərdən biri bildirib.
Rafael Cəbrayılovun 8 nəfərə ümumi olaraq 1 milyon 550 min dollar borcu var idi. Onun borclu olduğu şəxslər aşağıdakılardır:
Təranə Fətəliyeva – 300 000 dollar
Məlahət Qurbanova – 580 000 dollar
Xatirə Nəcəfova – 200 000 dollar
Yusif Orucov – 200 000 dollar
Aynur Kazımova – 100 000 dollar
Şəfa Məmmədova – 80 000 dollar
Bəşir Məmmədov – 60 000 dollar
Allahverdi Səfərəliyev – 30 000 dollar
Bundan başqa Rafael Cəbrayılov deputat olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla ondan 240 min manat məbləğində pul vəsaitini alıb.
Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan keçmiş deputatın işi məhkəmə mərhələsində idi. / axar.az