“Putin və Ərdoğan elə məsələləri həll edib ki, bu açıqlansa…” – Şok iddia

 

Dünən Soçidəki 3 saatlıq görüşdən əvvəl isti mesajlar verən Rusiya və Türkiyə prezidentlərinin görüşü ilə bağlı maraqlı şərhlər verilir.

Rusiya mətbuatı liderlərin görüşünə geniş yer verib.

TASS-a açıqlama verən rus ekspertlər görüşdən sonra bu haqda məlumatların çox məhdud olmasına baxmayaraq, liderlərin gündəmin ən əhəmiyyətli məsələlərini konstruktiv və səmərəli şəkildə həll etməyi bacardıqlarını bildiriblər.

Siyasi ekspert Andrey Kortunov bildirib ki, tərəflər görüşdən sonra bir çox məsələlər çox həssas olduğu üçün mətbuat konfransı keçirməmək qərarına gəliblər:

“Rusiya-Türkiyə münasibətləri əsasən iki lider arasındakı əlaqələrə əsaslanır və bundan çox asılıdır. Bu səbəbdən, danışıqlarda ən yüksək səviyyədə qarşılıqlı anlaşmanın əldə edilməsinin lazım olduğu razılaşdırılıb və böyük ehtimalla digər görüş barədə də anlaşma əldə olunub. Yəqin ki, tərəflərin razılaşdığı, amma indi açıqlamaq istəmədikləri bir çox məsələ var”.

Putin və Ərdoğanın tezliklə Suriya ilə bağlı daha konkret razılaşmalar əldə edə biləcəyini iddia edən Kortunov bildirib: “Suriya mövzusunda bir qədər siyasi fikir birliyi əldə edilsə, bu zamanla daha konkret razılaşmalara çevrilə bilər. Bu baxımdan, xarici işlər və müdafiə nazirlərinin qarşılıqlı səfərlərinin təşkili mümkündür”.

Ekspert iki liderin İdliblə bağlı bir-birinə verdikləri öhdəlikləri bir daha təsdiq etdiyini söyləyib.

Siyasi ekspert Andrey Bistritski də görüşün müsbət nəticələrlə yekunlaşdığını iddia edib. Onun fikrincə, bu görüşün nəticəsi olaraq, Türkiyə və Rusiya arasında bir sıra istiqamətlərdə, eyni zamanda iqtisadi, energetika və turizm sahələrində münasibətlərin daha da gücləndiriləcəyini görə bilərik.

“İzvestiya”nın məqaləsində isə bir sıra məsələlərə baxışda arada ciddi fikir ayrılıqlarının olmasına baxmayaraq, Rusiya və Türkiyənin sonda anlaşa bildiyi vurğulanıb:

“Rusiya və Türkiyə bəzən bir çox regional problemin həlli üçün ortaq zəmin tapmaq üçün böyük səylər göstərməli olurlar. Amma hər iki ölkə təkcə tərəfdaş münasibətlərinin iqtisadi faydasını deyil, həm də beynəlxalq aləmdə sabitlik üçün dialoqun əhəmiyyətini dərk edərək ziddiyyət və fikir ayrılıqları üzərində çox dayanmamağa çalışır”.

Siyasi ekspert Yuri Mavasev də, iki ölkənin bütün gərginliklərə və fikir ayrılıqlarına rəğmən sonda anlaşa bilmə təcrübəsinə diqqət çəkib:

“Əslində hələ də Rusiya-Türkiyə münasibətlərində kifayət qədər ziddiyyətlər var. Zaman keçdikcə yenilərinin ortaya çıxa biləcəyi faktı da gözardı edilə bilməz. Amma vacib olan odur ki, Moskva və Ankara beynəlxalq təzyiqlərə baxmayaraq əməkdaşlıq yolundadır”.

“Kanal 5” -in analitiki Viktor Sineyok qeyd edib ki. Rusiya və Türkiyə liderləri arasındakı danışıqlar dünyanın ən çox gözlənilən siyasi hadisələrindən birinə çevrilib: “Ərdoğanın təyyarəsi Soçiyə endikdə hava buludlu idi. Amma Putin Ərdoğan Günəş altında – iqamətgahında qarşıladı”.

FAN xəbər agentliyinə danışan hərbi ekspert Boris Rojin iki ölkə lideri arasında Suriya mövzusunda bəzi razılaşmaların əldə oluna biləcəyini deyib: “Bir müddətlik gərginlikdən sonra müəyyən irəliləyiş əldə edilə bilər”.

Boris Rojinin sözlərinə görə, Moskva və Ankaranın ortaq bir məqsədi də var: ABŞ qüvvələrinin bölgədən çıxarılmasını təmin etmək: “Rusiya ABŞ-ın geri çəkilməsini Suriyanın azad edilməsi kimi görsə də, Ərdoğan bunu Amerikanın kürd separatçılarına dəstək problemini həll etmək kimi qəbul edir. Danışıqlar hər şeyə rəğmən qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda, dostluq şəraitində keçdi”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password