Paşinyan Azərbaycan və Türkiyənin təklifi ilə razılaşacaq?

 

ABŞ-ın “The Hill” qəzetində “Qafqazda müharibə yox, ticarət yeni reallığa çevrilə bilərmi?” başlıqlı məqalə dərc olunub.

Məqalədə deyilir ki, 1990-cı illərdə Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tərkib hissəsi kimi tanınan torpaqları – Dağlıq Qarabağı və ona bitişik rayonları işğal etdiyinə görə iki ölkə arasında münasibətlər gərginləşib.

Daha sonra məqalədə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən hərbi əməliyyatlar, həmçinin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı atəşkəs razılaşması nəticəsində Azərbaycanın 30 ilə yaxın işğalda qalan torpaqlarının əhəmiyyətli hissəsinin azad olunduğu xatırladılır. Bildirilir ki, on illər ərzində erməni işğalı altında olan ərazilərini azad etmiş Azərbaycan indi yeni problemlərlə üzləşib:

“Azad olunmuş ərazilərdə hələ də zərərsizləşdirilməmiş minalar qalmaqdadır. Bakı müharibə dövründə həmin ərazilərdə Ermənistanın basdırdığı minaların xəritəsinin verilməsini tələb edir.

2012-ci ildə NATO-nun Etimad Fondu sovet ordusundan qalma partlamamış silah-sursatları və minaları zərərsizləşdirməkdə Azərbaycana yardımçı olmuşdu. İndi isə Azərbaycan erməni işğalından azad etdiyi ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməsi və həyata təhdid yaradan minaların təmizlənməsi işində yalnız NATO üzvü olan müttəfiqi Türkiyədən yardım alır.

Azərbaycan 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının üzvüdür və Kosovoda, Əfqanıstanda NATO-nun rəhbərliyi altında aparılan sülhməramlı əməliyyatlarda fəal iştirak edib.

Azərbaycan NATO-nun Əfqanıstandakı Sülh Naminə Tərəfdaşlıq Proqramında tərəfdaş ölkə kimi öz missiyasını bu yaxınlarda başa vurub, qoşunlarını Kabil hava limanından çıxarıb.

Hazırda Azərbaycan erməni işğalından azad etdiyi ərazilərdə bərpa işlərini davam etdirir. Ancaq bu ərazilər minalardan daha çevik şəkildə təmizlənsə, bərpa işləri də asanlaşardı.

Zərərsizləşdirilməmiş minalar köçkünlərin azad edilmiş ərazilərə qaytarılmasına, habelə Azərbaycanın yalnız ölkə daxilində deyil, regionun digər ölkələri ilə də nəqliyyat əlaqələri və infrastruktur layihələri reallaşdırmasına böyük maneə yaradır. Regional təşəbbüslər və layihələr isə çox əhəmiyyətlidir, çünki bu, bölgədə sabitliyi, sülhü, əmin-amanlığı təmin etməyə imkan verir.

Bəlkə NATO-nun partlamamış hərbi sursatların zərərsizləşdirilməsi və ərazilərin minalardan təmizlənməsi işində Azərbaycana kömək etmək vaxtıdır?”

Məqalədə bildirilir ki, 2021-ci ilin avqustunda Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev öz bəyanatlarında Yerevanın pozitiv yanaşma nümayiş etdirəcəyi halda Ermənistanla yeni mərhələyə başlamağa hazır olduqlarını vurğulayıblar: “Hər iki lider iqtisadi əlaqələri inkişaf etdirməklə və ölkələr arasında ticarəti asanlaşdıra biləcək multimodal nəqliyyat xətləri yaratmaqla Ermənistanla əməkdaşlığa hazır olduqlarını deyiblər”.

Məqalədə qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu təklifə razılaşacaq kimi görünür: “Ermənistanın Azərbaycan və Türkiyə ilə problemləri 1991-ci ildən bəri Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan sərhədlərinin bağlanmasına səbəb olub. Amma Paşinyan xarici siyasətini yeni reallığa uyğunlaşdırsa, yaxın gələcəkdə Ermənistana öz ticarətini quru yolla inkişaf etdirmək üçün geniş imkanlar aça bilər”.

“The Hill” yazır ki, Paşinyan da öz bəyanatında regional nəqliyyatın açılmasının vacibliyinə toxunub: “Ermənistanı qonşu ölkələrlə, Azərbaycan və Türkiyə ilə birləşdirəcək istənilən multimodal əlaqə isə ticarət üçün əhəmiyyət kəsb etməyə başlayacaq”.

Məqalədə vurğulanır: “Ticarətlə münaqişə bir araya sığmır. Ticarət müqavilələri iqtisadiyyatı inkişaf etdirməklə bərabər münaqişə, qeyri-sabitlik ehtimallarını da azaldır. Ticarətin yaratdığı iqtisadi əlaqələrin münaqişənin qarşısını almaq və ölkələri sülhə gətirmək gücü var.

Hazırkı situasiyada bütün tərəflərin bu səyləri konkretləşdirməyə hazır olduğu görünür. Ərdoğanın, Əliyevin və Paşinyanın bəyanatlarına da bu nöqtədən baxmaq lazımdır”. /novator.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password