“Özəlləşdirmə çeklərinin tədavül müddəti yenidən artırılsın” – Vəkillərdən çağırış

 

Osman Kazımov: “Əhali bir də onda ayıldı ki, çeklərin tədavül müddəti başa çatıb və yüzminlərlə vətəndaş bu gün pozulmuş hüquqlarının bərpasını gözləyir” 

İradə Cavadova: “Biz hüquqi dövlətdə yaşayırıqsa, kütləvi şəkildə vətəndaşların hüquqlarının pozulması hallarına yol verməməliyik” 

Ötən əsrin 90-cı illərinin sonlarında mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə vətəndaşlara özəlləşdirilmə çeklərinin verilməsinə başlandı. Bununla bağlı imzalanan fərmanda qeyd olunurdu ki, Sovet dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində iştirak etmək üçün vətəndaşlar hər biri dörd paydan ibarət olmaqla əvəzsiz çeklər əldə edəcəklər.
Bu fərman cəmiyyət arasında böyük maraqla qarşılansa da, proses müəyyən səbəblərdən yarımçıq qaldı. 2011-ci ildən isə çeklərin tədavül müddəti bitib. Yüzminlərlə vətəndaş hələ də çeklərini dəyərsiz qiymət kağız olaraq evində saxlayır.

Bugünlərdə, vauçerləri əllərində qalan vətəndaşların bir qrupu Prezident İlham Əliyevə, müvafiq qurumlara və KİV-lərə müraciət edib. Onlar bildiriblər ki, bir qrup işbazın və məmur-oliqarx Heydər Əliyevin imzaladığı bu tarixi fərmandan öz maraqları naminə yararlanıb. Nəticədə illərdir onlara fayda verməli olan özəlləşdirmə payları əhəmiyyətsiz kağız parçasına çevrilib.

Müraciət müəllifləri iddia edirlər ki, Dövlət Əmlak Komitəsinin bu gün də qüvvədə olan 1997-ci ildəki 222 saylı əmri ilə bir əmlak payına düşən mülkiyyətin dəyəri ən azı 2 min dollar civarında hesablanıb. İnflyasiyanı nəzərə alsaq, dəyər dəfələrlə artmış olur və mövcud bazar qiyməti 20 min dollar civarındadır.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Osman Kazımov açıqlamasında deyib ki, özəlləşdirmə prosesi bütünlüklə qüsurlu təşkil olunub: “Əvvəlcə bəyan etdilər ki, vətəndaşlara hər biri dörd paydan ibarət olan əvəzsiz çeklər veriləcək. Ardınca bəyan etdilər ki, bu çeklər vətəndaşları əsas pay sahiblərinə çevirəcək. Daha sonra mülkiyyətin dəyəri elan olundu. Halbuki, həmin dövr üçün kifayət qədər ciddi rəqəmlər idi. Nəticədə isə bunların heç biri baş vermədi. Vətəndaşlar bir də onda ayıldılar ki, çeklərin tədavül müddəti bitib. Bundan istifadə edən isə hər zaman olduğu kimi, maraqlı qüvvələr oldu. Onlar dövlət əmlakını dəyər-dəyməzinə özəlləşdirdilər. Heç bir hesabat da olmadı. Heç kim bilmədi ki, nə baş verib. Adını da qoydular “uğurlu özəlləşdirmə prosesi”. Mən hələ o zaman bunu başa düşdüm və ailəmizə məxsus olaraq vauçerləri satmaq qərarına gəldik”.

Vəkilin sözlərinə görə, vətəndaşların halal haqlarının mənimsənilməsi ənənəvi hala çevrilib: “Gecə yatırıq, səhər oyanırıq ki, benzinin, çörəyin qiyməti qalxıb. Çox təəssüf ki, atılan əksər addımlar əhalinin maraqlarının əleyhinə yönəlir. Bəzən heç nəzərə alan olmur ki, bu qədər insanın taleyi necə olacaq?! Onlar nə ilə dolanacaqlar, nə yeyib-içəcəklər?! Bütün bunlar gözümüzün önündə baş verir. Ona görə baş verir ki, ölkədə müstəqil məhkəmə sistemi yoxdur. Bu səbəbdən, digər məsələlərdə olduğu kimi, çek məsələsində də milyonlarla insanın hüquqları pozuldu”.

Kazımov əlavə edib ki, bütün hallarda vətəndaşların hüquqları bərpa edilməlidir: “Bir halda ki, yüzminlərlə vətəndaşın vauçerləri hələ də əllərində qalıb, ən azı onların hüquqları bərpa edilməlidir. Onsuz da gec və ya tez, nə zamansa bu məsələ öz həllini tapacaq”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova da deyib ki, özəlləşdirmə prosesi zamanı əhalinin kütləvi şəkildə aldadılması halları baş verib: “Əvvəla əhaliyə doğru-düzgün məlumat vermədilər ki, bu vauçerlərin mahiyyəti nədir, onlar harada və nə zaman istifadə edilə bilər. Sadəcə elan etdilər ki, vətəndaşlara əvəzsiz özəlləşdirmə çekləri paylanılacaq. Təbii ki, bundan da əsasən işbazlar yararlandılar. Həmin işbazların da çoxu yüksək vəzifələrdə təmsil olunan məmurlar idi. Nəticədə bu proses sadəcə formal olaraq keçirildi. Çox ucuz qiymətə əhali öz vauçerlərini satışa çıxardı. Necə ki, əvvəldə heç bir məlumat verilməmişdi, sonda da hesabatlılıq olmadı. 2011-ci ildə isə tədavül müddətinin başa çatdığını bəyan etdilər”.

Vəkilin bildirdiyinə görə, özünə və ailə üzvlərinə məxsus vauçerləri bu gün də saxlayır: “Sadəcə xatirə olaraq saxlayıram. Necə ki, bunu məndən başqa yüzminlərlə soydaşımız da edir. Bu məsələ həll olunmalıdır. Vaxtilə Sovet dövründə əhalinin depozitləri banklarda batdı. Sonradan gec və cüzi məbləğlə də olsa, onları qaytardılar. Özəlləşdirmə çekləri məsələsində də bu qayda tətbiq olunmalıdır. Digər yandan, araşdırmalar aparılmalıdır. Bu prosesin necə və hansı formada həyata keçirildiyi məsələsinə də aydınlıq gətirilməlidir. Çünki yüzminlərlə hüququ pozulmuş vətəndaşların taleyindən söhbət gedir”.

Cavadova qeyd edib ki, ictimaiyyət də haqqı pozulmuş vətəndaşlara dəstək verməlidir: “Əgər biz hüquqi dövlətdə yaşayırıqsa, kütləvi şəkildə vətəndaşların hüquqlarının pozulması hallarına yol verməməliyik. Öz haqları urğunda mübarizə aparan insanlara dəstək olmalıyıq. İnanıram ki, özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların mübarizəsi yekunda öz bəhrəsini verəcək”./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password