Dövlət müəssisələrindəki uşaqların ailələrə verilməsi üçün yeni model tətbiq olunacaq – Nazir
Uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olan və dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına şərait yaradan “Himayədar ailə” qayğı modelinin ölkəmizdə də tətbiqi nəzərdə tutulur. Bu məqsədlə institusional hazırlıq işləri aparılır. BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıq istiqamətlərindən biri də bu sahəni əhatə edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunu çərşənbə günü əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev UNICEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens ilə tanışlıq görüşündə bildirib.
A.Haykensi yeni təyinatı münasibətilə təbrik edən nazir uşaqların müdafiəsi və inkişafının, hüquqlarının qorunmasının dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. S.Babayev ölkəmizdə sosial müdafiə, eləcə də uşaq qayğı sisteminin inkişafı istiqamətində aparılan islahatları, bu sahədə UNICEF-lə fəal əməkdaşlıq həyata keçirildiyini qeyd edib.
Nazir bu ilin may ayında imzalanmış “2021-2022-ci illər üçün Sosial Müdafiə və Uşaq Müdafiəsi üzrə Dövri Fəaliyyət Planı”nın əhəmiyyətini diqqətə çatdırıb. Bu Plan üzrə UNICEF-lə birgə pilot mərhələdə icra edilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli”ni qeyd edib. Həssas qruplardan olan uşaqlar və ailələrlə bağlı vahid mərkəzdən eyni vaxtda bir neçə istiqamətdə kompleks sosial xidmətləri nəzərdə tutan həmin modelin geniş tətbiqinin nəzərdə tutulduğunu bildirib.
A.Haykens UNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında ötən dövrdə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını və bu əməkdaşlığın qarşıdakı dövrdə də inkişafı üçün səy göstərəcəyini vurğulayıb.
Görüşdə hazırki əməkdaşlıq istiqamətləri, ölkəmizdə uşaq qayğı sisteminin inkişafı sahəsində aparılan islahatlar, “2021-2022-ci illər üçün Sosial Müdafiə və Uşaq Müdafiəsi üzrə Dövri Fəaliyyət Planı” üzrə görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.