Neft və qaz kəskin bahalaşdı: Bakının qazancı… – Ekspert

 

Avropada müşahidə edilən enerji böhranı neft də daxil olmaqla, digər strateji enerji məhsullarının qiymətində artımlara səbəb olub. Mavi qazın qiymətində müşahidə edilən yüksəlişlər fonunda “Brent” markalı neftin bir barreli artıq 80 dollardan baha təklif olunur. Kömürün də qiyməti Avropa və Asiya bazarlarında son 13 ildə ən baha qiymətə satılır.

Bunu iqtisadçı deputat Vüqar Bayramov Avropada qazın qiymətinin tarixdə ilk dəfə min kubmetr üçün 1000 dollara qədər bahalaşmasını şərh edərkən deyib.

O bildirib ki, bir müddət öncə OPEC+ ölkələri nazirlərinin gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 milyon barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq, neftə tələbin artması müşahidə olunmaqdadır:

“Neftin qiymətlərində artımlar davamlı olduğu halda OPEC+ alyansının oktyabrın 4-nə planlaşdırılan görüşündə hasilatın artırılması ilə bağlı qərara dəyişiklik edəcəyi və noyabr ayından etibarən bazara daha çox neft çıxarmağa çalışacağını müzakirə etməsi istisna edilmir.

Neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin və eləcə də Azərbaycanın valyuta gəlirlərini artırır. Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan 18 milyon 771 min ton həcmində xam neft məhsulları ixrac edib. Bu 8 milyard 498 milyon dollar dəyərində xam neft ixracatı deməkdir. Həmin müddətdə ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 9,5 faiz azalsa da, dəyər ifadəsində 25,1 faiz artıb.

Göründüyü kimi, ilk 8 ayda neftin orta qiymətindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradıb.

Qeyd edək ki, Azərbaycan gündəlik xam neft hasilatını gələn aydan daha 7 min barrel artıraraq 640 min barrelə çatdıracaq və ixtisarla bağlı öhdəlik isə 78 min barrel həcmində olacaq.

Bu ilin dövlət büdcəsində 1 barrel neftin qiyməti 40 dollar nəzərdə tutulsa da, dünya bazarında həm mövcud, həm də ötən dövr üçün orta qiymət daha yüksəkdir. Mövcud qiymət büdcədə nəzərdə tutulan qiymətdən iki dəfə çoxdur. Bu isə Dövlət Neft Fondunun gəlirlərinin artmasına imkan yaradır.

Gələn ilin dövlət büdcəsində neftin qiymətinin hər barrelinin 45 dollar nəzərdə tutulması təklif olunur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password