“Neftin bir bareli 80 dolları da keçə bilər” – Analitik
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 79,08 ABŞ dolları təşkil edib.
İqtisadçı-alim Fuad İbrahimov ilin sonuna gözlənilən ən yüksək qiymət həddini açıqlayıb.
O bildirib ki, “Azeri Light” markalı neft Brend markalı neftin indeksində ticarət olunur: “Hazırda “Azeri Light” markalı neft psixoloji hədd sayılan 80 dollara yaxınlaşır. Neft qiymətləri ötən ilin sonlarından dinamik olaraq bahalaşma trendinə daxil olub. Geniş formatda götürdükdə son aylarda neftin bir bareli 70-80 dollar dəhlizində alınıb-satılır. Keçən ilin birinci yarısında karantin rejimləri, eyni zamanda OPEC+ formatında danışıqların baş tutmaması neft qiymətinin formalaşmasında öz rolunu oynadı. Mart ayının əvvələrində anidən açılan bazar tarixdə görünməyən bir ucuzlaşma yaratdı.
O dövrdən sonra pandemiyanın təsirlərinə nəzarət, eyni zamanda OPEC+ danışıqları çərçivəsində hasilatın azaldılması neftin qiymətini mərhələli şəkildə bərpa etdi”.
Analitik hazırda dünyada vaksinasiya prosesinin sürətlə getdiyini deyir: “Peyvəndləmə təbii olaraq həcm kisəsini tənzimləyir. Artıq bu gün tələbatın dinamik şəkildə formalaşdığını demək olar. Bütün bunlar güclü təsiredici məqamlardır. Hasilatın OPEC+ formatında danışıqlar çərçivəsində qalması qiymətin uzun müddət yuxarı səviyyədə sabitləşməsi üçün əhəmiyyət kəsb edir”.
Fuad İbrahimovun müşahidələrinə əsasən, son həfətədə ABŞ-da neft ehtiyatlarının azalması qiymətlərin bir qədər də artmasına təkan verib: “Bütün bu göstəricilər il sonuna qədər neftin bir barelinin 80 dolların üzərində alınıb-satılacağı proqnozuna imkan verir. Lakin istənilən halda vəziyyət dəyişilə bilər. Çünki pandemiyanın nə gətirəcəyini proqnozlaşdırmaq mümkün deyil.
Virusun qlobal miqyasda dalğalanması bazarların əvvəlki gərginliyini qaytara bilər. Belə olan halda dünya bazarlarında tələbat azalmağa gedəcək, bu da qiymət siyasətinə dərhal təsir etmiş olacaq. Həmçinin, əgər neft hasilatı OPEC+ danışıqları çərçivəsində qalmasa, növbəti dəfə ucuzlaşmaya gətirib çıxara bilər. Hazırda neftin qiymətinin yüksək səviyyədə olmasına təsir edən bir çox amil var”. /teleqraf.com