Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na layiq görülüb

Bu gün Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə “TÜRKSOY Media Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.

Tədbirin əvvəlində şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid jurnalistlərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, iki gündən sonra Vətən müharibəsinin başlamasından bir il ötür: “Azərbaycan Müzəffər Ordusuna, Ali Baş Komandana minnətdarıq ki, bizi bu ləkədən qurtardı. Bu təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi deyildi, həm də şərəfə məsələsi idi. Bu xoşbəxtliyi bizə yaşatdıqları üçün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə sağlığına qovuşmasını arzulayıram. İnformasiya savaşında bizlə birgə olan, dəstək göstərənlərə də təşəkkürümü bildirirəm”.

Nazirdən sonra TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı da çıxış edib.

Mərasimin sonunda şəhid jurnalistlər – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov da mükafata layiq görülüb. Onların mükafatı ailələrinə təqdim edilib. Bundan başqa, siyahıda Türkiyənin “Haber Global” televiziyasının əməkdaşı Osman Girgin, “A Haber”in əməkdaşı Abdulkərim Ulak və “CNN Türk”ün sabiq işçisi, hazırda Fox TV-də çalışan Fulya Öztürk, eyni zamanda, Qazaxıstan, Qırğızıstan və Özbəkistan media nümayəndələrinin də adı var.

Qeyd edək ki, tədbirlər çərçivəsində mükafat alan media nümayəndələrinin bir sıra dövlət və media qurumlarında rəsmi görüşləri, Şuşaya səfəri və Vətən müharibəsinin başlamasının ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirakı da nəzərdə tutulub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password