Prezidentin “Nasionalnaya oborona”ya müsahibəsi Rusiya mətbuatında əks-səda doğurdu

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsi bu ölkənin ictimai və siyasi dairələrində, eləcə də mətbuatında böyük əks-səda doğurub.

Ölkənin bütün aparıcı mətbuat orqanları Azərbaycan Liderinin müsahibəsindən mühüm məqamları ön səhifələrə çıxarıblar. Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinin gedişinin, aparılan danışıqların, üçtərəfli Bəyanatın imzalanmasının detalları, azad olunmuş ərazilərdə quruculuq işləri barədə fikirləri rusiyalı oxuculara təqdim olunub.

Ekspert Mixail Belyayev “Vestnik Kavkaza” agentliyi üçün hazırladığı məqalədə yazır ki, Azərbaycan Prezidenti müsahibəsində ölkəsinin münaqişənin davamında maraqlı olmadığını bir daha bəyan edib. “Azərbaycan Liderinin müsahibədə səsləndirdiyi konstruktiv fikirlər bəzi erməni ekspertlərinin və müəyyən mediaholdinqlərdəki rusiyalı həmkarların regiondakı vəziyyətlə bağlı bədbin təqdimatlarından kəskin şəkildə fərqlənir”, – deyə vurğulayan M.Belyayev Prezident İlham Əliyevin bu fikirlərini sitat gətirib: “İndi onlar yeni tərzdə yaşamalıdırlar. Tamamilə başqa reallıqlarda yaşamalı və başa düşməlidirlər ki, olub keçənlər daha heç vaxt olmayacaq. Onlar qüvvələr nisbətini, geosiyasi şəraiti, qüvvələr nisbətinin perspektivini sayıq qiymətləndirməlidirlər. Yenə illüziyalara, hansısa mifoloji təmsillərə uymamalı, vəziyyəti sayıq qiymətləndirməlidirlər. Lakin hələlik bunu görmürük. Görmürük. Yəqin ki, hələ vaxt yetişməyib. Necə deyərlər, sonuncu ölən ümid olur. Gəlin, ümid edək”.

TASS agentliyi Prezident İlham Əliyevin müsahibəsindən bir çox məqamlara xüsusi yer ayırıb. Dövlət başçısının həm BMT Baş Assambleyasının 76-cı iclasında çıxışı, həm də “Nasionalnaya oborona” jurnalına müsahibəsindən əsas fikirlər agentliyin xəbər lentində önə çəkilib. Azərbaycanın 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etməsi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi, Qarabağ münaqişəsinin artıq keçmişdə qalması barədə səslənən fikirləri rusiyalı oxuculara təqdim edən Rusiyanın aparıcı federal agentliyi Prezident İlham Əliyevin nitqindən aşağıdakı mühüm məqamı sitat gətirib: “Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.

“Putin seqodnya” saytı Azərbaycanın dövlət başçısının Rusiya Prezidenti haqqında dediklərini oxucularına təqdim edib. Sayt yazır ki, Azərbaycan Lideri Prezident Vladimir Putinin münaqişənin həllində fəal rolunu yüksək qiymətləndirib. Azərbaycan Liderinin iki prezident arasında çox böyük etimada əsaslanan münasibətlərin olması barədə söylədiklərini gündəmə gətirən sayt oxucularının diqqətini Prezident İlham Əliyevin “siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür” fikirlərinə cəlb edib.

“News.ru” internet nəşri Azərbaycan Prezidentinin İkinci Qarabağ müharibəsinin gedişinə ilk günlərindən dünya mediasında – həm Rusiya, həm Qərb mediasında, həm də qonşu ölkələrdə yüksək maraq göstərilməsinə, nələr baş verdiyi, münaqişənin səbəblərinin nədən ibarət olduğu, kimin işğalçı, kimin isə işğalın qurbanı olduğu barədə həqiqətin mümkün qədər çox ölkənin ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyinə dair dediklərini oxuculara təqdim edib. Nəşr müsahibədən hazırladığı materiallarda dövlətimizin başçısının bir sıra ölkələrdə erməni təbliğatı və erməni diaspor təşkilatlarının onilliklər ərzində bu münaqişə barədə yalan təsəvvür yaratması ilə əlaqədar söylədiklərinə yer verərək, Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə olduğunu, bütün millətlərə mənsub insanların sülh və həmrəylik şəraitində yaşadığını diqqətə çatdırıb.

“Ria Novosti” agentliyi, “Vzqlyad.ru” analitik informasiya nəşri, “Qazeta.ru” ictimai-siyasi internet nəşri, “Tsarqrad” informasiya-analitik internet kanalı, “Lenta.ru” xəbər nəşri də Prezident İlham Əliyevin Qarabağ münaqişəsinin həllində Rusiya Prezidenti Vladimir Putinin, bölgədə vəziyyətin sabitləşməsində Rusiya sülhməramlı kontingentinin rolu, Azərbaycanın Rusiya ilə bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə sıx əməkdaşlıq etməsi, barədə “Nasionalnaya oborona” jurnalına müsahibəsində səsləndirdiyi fikirləri oxucuları ilə bölüşüb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password