Erməni vandalizmi beynəlxalq ekspertlər tərəfindən fotofaktlarla, videolarla təsdiqlənərək hesabat formasında beynəlxalq təşkilatlara göndəriləcək.
Bu sözləri açıqlamasında Ombudsman aparatanın rəhbəri Aydın Səfixanlı deyib.
O qeyd edib ki, artıq iki gündür İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri Azərbaycanda səfərdədirlər:
“Bu səfərin əsas məqsədi işğaldan azad olunan bölgələrdə erməni işğalçıları tərəfindən törədilən cinayətlərin birbaşa müşahidə edilməsi və dağıntılarla yerində tanış olmaqdır.
Bu gün artıq bilavasitə faktaraşdırıcı missiyaya başlanılıb. İlkin olaraq Ağdama səfər etdik və ekspertlər insanların dini etiqad azadlığına qarşı olan hörmətsizliyin, ermənilərin törətdiyi vandalizmin şahidi oldular.
Nümayəndə heyəti hazırda Ağdam Cümə məscidində namaz qılır. Ağdam Cümə məscidini ziyarət etməzdən öncə Pənahəli xanın türbəsində olduq və onlar müşahidə etdikləri bütün dağıntıları vandal aktlar olaraq qiymətləndirdilər və bu cür vəhşiliyin, vandalizmin heç bir müharibədə baş vermədiyi qənaətinə gəldilər.
Bütün bunlar ekspertlər tərəfindən fotofaktlarla, videolarla təsdiqlənərək hesabat formasında beynəlxalq təşkilatlara göndəriləcək.
Növbəti səfərimiz Azərbaycanın müharibədən əziyyət çəkmiş digər bölgələrinə olacaq. Nümayəndə heyəti Tərtərdə, Gəncədə hadisə şahidləri ilə görüşərək, dağıntılarla yerində tanış olacaqlar”
Xatırladaq ki, bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının 5 üzvdən ibarət faktaraşdırıcı missiyasının Ağdama səfəri başlayıb.