Ermənistan Türkiyə ilə danışıqlara hazırdır
Ermənistanın hakimiyyəti Türkiyə ilə təmaslara və müzakirələrə hazırdır.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Gevorkyan deyib. M.Gevorkyanın sözlərinə görə, rəsmi İrəvan təmasların səmərəli olacağı halda yüksək səviyyədə görüşlərə və danışıqlara da hazırdır.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın koridorun açılmasının əlehyinə olmasına münasibət bildirərkən deyib:
“Zəngəzur dəhlizinin açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək. Paşinyan koridorun açılmasının əlehyinə olduğunu söyləyir. Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar”, – deyə Ərdoğan söyləyib.
Türkiyə lideri ümid edib ki, Zəngəzur koridorunun açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq.