Bir-iki nəfərin açıqlaması… – Fazil Mustafa İranın son addımlarından danışdı

 

Ərdəbil məscidinin “imam-cüməsi”, İranın ali dini liderinin nümayəndəsi, ayətullah Həsən Amili sonuncu cümə xütbəsində Azərbaycanı təhdid etdi. Amili hədəsində bildirdi ki, “şirin quyruğu ilə oynamayın”. O, “şir” deyəndə İran İslam Respublikasını nəzərdə tuturdu. Daha dəqiq desək, İslam simgəli ölkəni deyil, Sasani, Əhəməni simgəli İranı…

Bu bəyanatın ardınca İran Araz çayının o tayında hərbi təlimlərə başladı. SEPAH-ın müəyyən bölmələri Biləsuvar-Füzuli-Cəbrayılla üzbəüz ərazilərdə – İranın öz içərisində – pilotsuz uçuş aparatları havaya qaldırıldı. Özü də bütün bunlar Gorus-Qafan yolunda Ermənistan ərazisindən keçməklə qanunsuz olaraq Xankəndinə gedən iki iranlı sürücünün polislərimiz tərəfindən elə adıçəkilən magistralın Azərbaycandan keçən hissəsində həbsindən sonra gerçəkləşdi.

Bəs əslində nə baş verir? Ərdəbilin “imam-cüməsi”nin hədyan bəyanatlarının arxasında nə dayanır? Arazın o tayındakı hərbi təlimlər kimə “əzələ nümayişi”dir?

Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa açıqlamasında bildirib ki, bütün bunların hamısı Ermənistanı dəstəkləmək üçün göstərilən jestlərdir: “Necə ki, Pakistan, Türkiyə müsəlman ölkələridir və bizi dəstəkləyirlər. İndi Ermənistanın tərəfini tutanlar da ona dəstək verməlidirlər. Sadəcə acınacaqlı hal ondadır ki, erməniləri dəstəkləyən ölkədə çoxlu sayda azərbaycanlı yaşayır. Elə irəli verilənlər də azərbaycanlılardır. Təsəvvür edin ki, bizdə bəziləri professor, doktor adını necə alırsa, görünür, İranda da “ayətullah” ünvanının müəyyən “görüm-baxım”la verilmə qaydaları var. Çünki adam bütövlükdə savadsızdır. Doğru tələffüz qaydasını bilmədən oxuyur. Üstəlik, Azərbaycan dilini də təhrif edir”.

Partiya sədri qeyd edib ki, bu, ayətullah Həsən Amilinin ilk oxşar çıxışı deyil:

“Bu cür danışıqların elə bir önəmi yoxdur. Amma ən acınacaqlısı ondan ibarətdir ki, Həsən Amili Azərbaycan dilini fars qrammatikası üzərindən danışır. Onun Azərbaycan dilinə təhqiramiz baxışı məni narahat edir. O, bizim doğma türk dilimizi bu qədər təhqiramiz bir formada müəyyən auditioriyada istifadə etməklə məşğuldur. İfadələri yanlış deyir, üzündən oxuyanda da höccələyə-höccələyə oxuyur. Müsəlman kimliyi ilə özünü tanıdan adamın öz ölkəsini “şir”ə bənzətməsi anlaşılan deyil. Ən azından öz ölkəsini İslam atributlarından birinə bənzətməsi daha doğru olmazdımı?! Daha çox peyğəmbərin adı ilə bağlı olan bir simgəyə bənzətsə, daha doğru olmazdımı?! Təsəvvür edin ki, bunların öz ölkəsinə İslam anlayışları ilə baxış yoxdur. “Şir” Sasani dövrünün bənzətməsidir. Özündə bunu ehtiva edir”.

Fazil Mustafanın fikrincə, görünən odur ki, İslamı hansısa Sasani sistemi içərisində anlayırlar:

“Ona görə də “şir” metaforası daha çox Xosrov Ənüşirəvan dövrünün, Sasani dönəminin təzahürləridir. Bu baxımdan məlum çıxışda həqiqətən də üzücü məqamlar var. İndi onun müəyyən dərəcədə İranın öz müttəfiqi, yaxını, doğması olan Ermənistana dəstək vermək üçün bu jestləri göstərməsi gözlənilən nüansdır. Ona görə də bunun üçün narahat olmağa dəyməz. İran hansısa bir hərbi təlim keçirirsə, əslində bu, onların güc nümayişi məsələsi deyil. Əgər onlar güc nümayişi etsəydilər, ABŞ Qasım Süleymanini məhv edəndə onun cavabını hansısa formada verərdilər. Çünki həmin vaxt hay-küy salmışdılar ki, bunun cavabını sərt şəkildə verəcəklər. Bu cür məsələlərdə qonşuluq münasibətlərinə xələl gətirən davranışlardan qaçmaq lazımdır. Biz özümüz də çalışmalıyıq ki, İranla qonşuluq münasibətlərinə xələl gətirən nüanslar olmasın. Bir-iki nəfərin açıqlaması bir o qədər əhəmiyyət daşımır. Hesab edirəm ki, bu kimi məsələləri elələrinin vicdanına buraxmaq lazımdır”./publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password