“Azərişıq” ASC-nin “isti yay” bəhanəsi… – Bir ay evdə olmayan abonentlərə ikiqat işıq pulu necə hesablanıb?
Sentyabrın əvvəlindən başlayaraq sosial şəbəkələrdə vətəndaşların “Azərişıq” ASC-dən şikayətlərinin sayı xeyli artıb. Əsas narazılıq avqust ayında mənzillərə gələn işıq pulu borcunun ötən aylarla müqayisədə dəfələrlə artıq olmasıdır. Şikayətlərdə qeyd olunur ki, vətəndaşların istehlak etdikləri elektrik enerjisinin miqdarı dəyişməsə də onlardan ikiqat artıq vəsaitin ödənilməsi tələb olunur. Hətta həmin ay boyu evdə olmayan sakinlər də böyük miqdarda enerji israfı barədə borc bildirşləri alıblar.
Bu cür anormal vəziyyətlə üzləşənlərdən biri, Bakı sakini Teymur Muradov öz sosial şəbəkə səhifəsində bildirib ki, avqust ayının 15 gününü ailəsi ilə birlikdə rayonda keçirib. Evə qayıdanda isə qapıdan asılmış qəbzdəki rəqəmlər onu təəccübləndirib. Belə ki, qəbzdə ailənin həmin ayda 65 manat elektrik sərfiyyatının olduğu yazılıb.
Digər bir abunəçi – Arzu Həşimova isə bildirir ki, avqustda iyul ayındakı qaydada elektrik enerjisindən istifadə ediblər. Ancaq “Azərişıq”dan gələn borc qəbzində məbləğ əvvəlki aydan iki dəfə artıq olub.
Paytaxt sakini Nicat Hüseyinov da vurğulayır ki, yaşadığı mənzilə 18 il ərzində ilk dəfədir bu qədər çox işıq pulu gəlir.
Xatırladaq ki, bu tip şikayətlər, narazılıqlar tez-tez təkrar olunur. Paytaxt sakinləri ötən ilin dekabr ayında da eyni vəziyyətlə qarşılaşıblar.
Çoxsaylı şikayətlərlə bağlı “Azərişıq” ASC-dən ictimaiyyətə verilən açıqlamada isə bildirilib ki, avqust ayında Azərbaycanda elektrik istehlakında rekord qeydə alınıb: “Sözügedən ayda enerji istehlakı 2,03 mlrd. kVt.s təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 1,53 mlrd. kVt.s olub. Cari ilin avqust ayı üzrə enerji sərfiyyatı son 5 ilin ən yüksək gösəricisidir. Bundan başqa, həmin ay enerjiyə təlabat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik ortalama olaraq 16,1 milyon kVt.s artıb”.
“Azərişıq” ASC-dən daha sonra bildirilir ki, bəzən ayrı-ayrı şəxslərə astronomik elektrik sərfiyyatı yazılması halları da müşahidə olunur: “Sosial şəbəkələrdə paylaşılan qəbzlərdən görünür ki, hansısa vətəndaşa yanlışlıqla 1000-2000 manat civarında işıq pulu yazılıb. Bu zaman vətəndaş öz şikayətini bildirərsə, məsələni araşdırmağa hazırıq”.
Onu da qeyd edək ki, “Azərişıq” ASC-nin açıqlamasında avqust ayında havaların kəskin dərəcədə isti keçməsi qeyd olunsa da bu iddia reallıqla uzlaşmır. Belə ki, iyul ayında Bakı şəhərində havanın orta aylıq temperaturu 25-27 dərəcə, avqust ayında isə 26-29 dərəcə olub. Yəni temperatur fərqi kəskin dərəcədə olmayıb. Həmçinin, yeni nəsil kondisionerlərin “ekonom” sistemlə çalışması da bu arqumenti əsassız edir.
Bununla yanaşı, şikayətçilər arasında mənzildə yaşamadıqları halda onlara böyük enerji sərfiyyatının yazılması faktları başqa mətləblərdən, ASC-nin fəaliyyətindəki ciddi nöqsanlardan xəbər verir. Yaxşı olardı ki, qurum bu faktları da araşdırsın… /azpolitika.info