Türk dünyasında vahid informasiya məkanının yaradılması perspektivləri müzakirə olundu

 

Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası XVII Avrasiya Media Forumunun təşkilat komitəsi ilə birlikdə “Türkdilli ölkələrdə media. Yeni reallıqlar şəraitində əməkdaşlığın inkişafı” adlı dəyirmi masa təşkil edib.

Dəyirmi masada türkdilli ölkələrdən tanınmış media menecerləri, habelə Macarıstan və Tacikistandan qonaqlar, Azərbaycandan tanınmış jurnalist və teleaparıcı Tofiq Abbasov, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Türkiyənin NTV kanalının xarici xəbər xidmətinin rəhbəri Ahmet Yeşiltepe, Macarıstanın “Duna” televiziyasının direktoru İştvan Palffi, Qazaxıstan Televiziyasının baş direktoru Lazzat Tınızbay, Türkmənistan Dövlət İnformasiya Agentliyi baş direktorunun müavini Şıxemurad Kakışev, Tacikistanın “Avesta” İnformasiya Agentliyinin baş redaktoru Janatxon Kurbanova və digər media nümayəndələri, ekspertlər iştirak ediblər.

Türk dünyası ilə Mərkəzi Asiya ölkələri arasında media sahəsində əməkdaşlığa dair müzakirələrin aparıldığı dəyirmi masada yeni reallıqlar şəraitində medianın inkişafı və təcrübə mübadiləsi, həmçinin qarşıda duran maneələr barədə danışılıb. Eyni zamanda, türkdilli ölkələrin ortaq media platformasının qurulmasına dair təkilflər irəli sürülüb.

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli qeyd edib ki, hazırda medianın qarşısında milli məzmun (kontent) formalaşdırmaq və əldə olunan informasiyanı idarə etmək bacarığı kimi iki vacib məsələnin həlli dayanır. Onun sözlərinə görə, türk dövlətləri arasında informasiya mübadiləsində çətinliklər mövcuddur və hələ də bir çox hallarda informasiya mübadiləsini üçüncü ölkələrin mediası üzərindən aparılır. Bu isə milli kontent formalaşdırmaq bacarığının yetərli səviyyədə olmamasından qaynaqlanır. F.Məcidli Türkiyə ilə Azərbaycan arasında informasiya sahəsində əməkdaşlığın, ortaq media platformasının qurulmasının digər türk dövlətləri ilə də qarşılıqlı şəkildə həyata keçirilməsinin vacibliyinə diqqət çəkib və bunun bir model təşkil etdiyini deyib.

Tanınmış jurnalist Tofiq Abbasov 44 günlük Vətən Müharibəsində türk dövlətlərində medianın mövqeyi ilə bağlı fikirlərini bölüşüb.

Türkiyənin NTV kanalının xarici xəbər xidmətinin rəhbəri Ahmet Yeşiltepe, Macarıstanın “Duna” televiziyasının direktoru İştvan Palffi, Qazaxıstan Televiziyasının baş direktoru Lazzat Tınızbay və digərləri yeni media trendləri, türk dövlətlərinin informasiya sahəsində əməkdaşlığı, uşaqlar üçün kontentin yaradılması, cizgi filmlərinin çəkilməsi, ortaq sənədli filmlərin istehsalı kimi məsələlərə dair təkilflər səsləndiriblər.

Qeyd edək ki, dünyanın 25 ölkəsindən 60-dan çox spikerin və 3000-dən çox onlayn iştirakçının iştirak etdiyi və 3 gün davam edəcək forum çərçivəsində nüfuzlu media menecerlərinin ustad dərsləri (master class) keçiriləcək, fərqli panellərdə informasiya təhlükəsizliyi, yeni media trendləri və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password