Ramin Bayramlının qələmini qıran Zaur Əliyev imiş… – səhiyyədəki “yeniçərilər”in didişməsi…


Ölkənin səhiyyə sistemindəki “yeniçərilər” – modern və islahatçı görünmək istəyən gənc fiqurlar demə, bir-biri ilə didişmədə olublar.
Qoca Səhiyyə Nazirliyində belə o səviyyədə olmayan qruplaşma və kampaniyaçılıq siyasəti yeni kadrların fəaliyyətində prioritet imiş.

Onlar zahirən bir komanda təəssuratı bağışlasalar da, biri-birinin ətini yeyib, sümüyünü də atmağa hazır mövqedə dayanıblar
Söhbət ölkənin səhiyyə sisteminin idarə olunması üçün yaradılan iki qurumdan, son illərdə ən çox danışılan, guya yenilik və islahat gətirdikləri bəh-bəhlə deyilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-dən gedir.
Məlumdur ki, TƏBİB Agentliyə tabedir, lakin bu iki strukturun başında olanlar arasında ədavət nəticədə böyük partlayışa gətirib çıxardı.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin TƏBİB rəhbəri Ramin Bayramlı əleyhinə kampaniya apardığı məlum olub.
R.Bayramlının “qələminin qırılmasında” Z.Əliyevin əhəmiyyətli rolunun olduğu iddia edilir. Ölkənin siyasi rəhbərliyinə gedən təqdimatda TƏBİB sədrini bitirəcək qovluq olub.
Bu dosye nəticə etibarı ilə R.Bayramlının istefa ərizəsini yazmağa vadar edib. Məlumata görə, Z.Əliyev onunla yolları ayırmaq üçün dəridən-qabıqdan çıxırmış.
Ona görə TƏBİB sədrinin ictimai rəydə mənfi obrazının formalaşmasında, pandemiya ilə mübarizədə müxtəlif nöqsanların üzə çıxıb Bayramlının ayağına yazılmasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sədrinin son dərəcə marağı olub.
Z.Əliyevin R.Bayramlı ilə niyə yola getməməsinin detalları açıqlanmır. Amma Agentlik sədri son illərdə özünü tənqid hədəfinə çevrilməkdən yayınmağı bacarmışdı, R.Bayramlıya isə “cümlə xəyanətlərə bais” damğası vurulmuşdu.
Belə iddialar səslənir ki, Agentlik sədri TƏBİB rəhbərinin istefasına qədər hakimiyyətin ən yüksək ranqında olan dairələrə onunla bağlı kompromat materiallar, gözdən salan məsələlər çatdırıb.
Amma kor-kor, gör-gör ki, təkcə TƏBİB deyil, elə Agentlik də yarıtmaz və bərbad fəaliyyətinə görə “islahatçı komanda”da qabaqcıl yerləri tutur.
Bu gənc fiqurlardan gözləntilər varıydı ki, əvvəlki məmurlar kimi işləməyəcəklər, səhiyyə sisteminə intizam, yenilik gətirəcəklər. Di gəl, heç biri özünü doğrutmadı.
Bu gün ölkədə icbari tibbi sığortanın tətbiqində tam biabırçılıq yaşanır. İstənilən xəstəxanaya və ya poliklinikaya yaxınlaşmaqla şahid ola bilərsiniz ki, Z.Əliyev tibbi sığortanın “t” hərfini belə tətbiq etməyib. Belə ki, xəstəxanaların girişində otellərin qeydiyyat şöbəsində olduğu kimi vitrin qurulub, vətəndaşların yalnız qeydiyyatı həyata keçirilir və həkim növbəsi üçün nömrə verilir, yəni kim neçənci adamdır…
Vəssalam, yenə ağxalatlıların cibinə pul qoymaq, tibb bacısına “hörmət”, həkimə rüşvət davam edir. Bir tərəfdən vətəndaş dövlətə sığorta pulu ödəniş edir, digər tərəfdən isə həkimlərə pul paylayır. İndi bunun harası tibbi sığorta oldu, Zaur Əliyev?
Məsələn, bu yaxınlarda Zabrat qəsəbəsi sakini Fuad Allahverdiyev göndərişlə getdiyi M.Topçubaşov adına ECM-də həkim və tibb bacısının tərbiyəsiz davranışı ilə qarşılaşdıqlarını bildirmişdi. Belə ki, tibbi sığorta ilə gələn vətəndaşa tibb işçisi barmaq işarəsi göstərib.
Ümumiyyətlə, ölkə boyu tibbi sığortanın tətbiqində əhaliyə elə barmaq işarəsi göstərilməkdədir. Çünki sığortası olan da olmayan kimi müayinələrə, analizlərə, həkim qəbuluna görə pul verməli olur. Z.Əliyev isə telekanallarda icbari tibbi sığortanın gətirdiyi yeniliklərdən, uğurlardan, inkişafdan dəm vurur.
Amma “həkimə də ver, sığortaya da ver” rəzalətindən danışan yoxdur. Göründüyü kimi, özünü tənqidlərin fövqünə çıxarmayan Z.Əliyev R.Bayramlını irəli verməklə onu bitirməyə, bütün günahları onun boynuna biçməyə nail olub.
Eyni zamanda “Yeni klinika” rəhbəri Pərviz Abbasovun həbsi də geniş planda baxanda Agentliyin yaratdığı idarəçiliyin nəticəsidir. Z.Əliyev həm TƏBİB, həm pandemiya üzrə ixtisaslaşmış xəstəxanalara nəzarət funksiyasını yerinə yetirir. Ancaq “günah keçisi” taparaq P.Abbasovla R.Bayramlı “vurulur”, özü isə oyundan təmiz çıxmağa çalışır. Yəni bir fiasko olduğunu qəbul etmək istəmir – istər tibbi sığortanın tətbiqinin baş tutmaması, istərsə rəqib gördüyü adamların gedişi…
Bu günlərdə isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “bədii janr”da tender keçirmişdi. Zaur Əliyev deyəsən, dövlət vəsaitlərini necə xərcləməyin unikal üsullarını icad etməkdədir.
Agentlik icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində xidmət alan vətəndaşların məmnunluğunu ifadə edən bədii janrda video çarxların hazırlanması xidmətlərinin satın alınması üçün tender açıqlayıb.
Tenderin qalibi “Medical Media” MMC olub və 11 328 manat hesabına köçürülməlidir. Sadəcə, müsabiqənin elan olunmasının səbəbi qəribədir – vətəndaşların məmnunluğunu ifadə edən bədii janrda video çarxların hazırlanması…
Tenderin qalibi olan tibbi bir kanaldır, lakin indiyə qədər hər hansı parlaq fəaliyyətinə rast gəlinməyib. Z.Əliyevin isə bədii janrda video çarxlar üçün 11 mindən çox maliyyə xərcləməsi tender maxinasiyaları ilə bağlı şübhələri artırır.
Ölkədə icbari tibbi sığortanın tətbiqinə gəlincə, yanvardan bu proses başlasa da, heç bir ciddi nəticədən söhbət gedə bilməz. Faktiki olaraq, xəstəxanalarda, poliklinikalarda tibbi sığorta formal və simvolik xarakter daşıyır./anaxeber.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password