General Rusiya ilə savaşın anonsunu verdi: “O gün hamı üçün dəhşətli olacaq”
ABŞ Silahlı Qüvvələri baş qərargah rəisinin müavini general Con Hayten Rusiya və Çinlə mümkün müharibənin nəticələrindən danışıb.
General belə bir müharibənin qlobal miqyasda dağıdıcı olacağını iddia edib.
Hayten xatırladıb ki, yaxın keçmişdə Vyetnam müharibəsi də daxil olmaqla, dünyada çox sayda qaynar nöqtəsində üz-üzə qalmasına baxmayaraq, ABŞ SSRİ ilə birbaşa toqquşmaya girməmişdi.
O qeyd edib ki, ABŞ heç vaxt böyük dövlətlərlə – Rusiya və Çinlə açıq müharibəyə girməyə icazə verməməyə çalışır.
“Bu müharibənin başlanacağı gün dünya və dünya iqtisadiyyatını məhv olacağı, planet və ölkələrimiz üçün dəhşətli gün olacaq”, – Hayten bildirib.
Amerikalı general Vaşinqtonla Moskva arasında strateji sabitliyin təmin edilməsinə yönəlmiş dialoqun uğurlu olduğunu da diqqətə çatdırıb. Onun fikrincə, bu sahədə problemləri müzakirə etmək üçün Çinlə danışıqlara başlamaq da eyni dərəcədə vacibdir.
“Ümumi məqsədimiz var – heç vaxt bir-birimizlə müharibəyə başlamamalıyıq, çünki nüvə silahlarının istifadə ediləcəyi müharibənin nəticəsi çox pis ola bilər”, – general qeyd edib.
O, bununla belə Pentaqonun Rusiya və Çindən artan təhlükəni müşahidə etdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Rusiya ABŞ-da olmayan modernləşdirilmiş nüvə silahlarına malikdir.
Hayten ABŞ-ı silahların modernləşdirilməsi üçün daha operativ bürokratik prosedurlar həyata keçirməyə çağırıb. Onun fikrincə, ABŞ-ın əsas strateji uğuru Çin və Rusiya ilə bütün planet üçün fəlakət təhlükəsi yaradan müharibə ehtimalının istisna edilməsidir.
“Rusiya və Çin kimi rəqibləriniz varsa, daha sürətli hərəkət etməlisiniz, amma biz hələ də çox yavaş hərəkət edirik”, – Hayten vurğulayıb./teleqraf.com