Ərzaqlıq buğda təchizatçılarına kredit üzrə güzəşt müddəti artırılıb
Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərara dəyişiklik edib.
Bu qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzlayıb.
“Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na edilən dəyişikliyə əsasən, ərzaqlıq buğda təchizatçılarına münasibətdə kredit üzrə güzəşt müddəti 12 aydan 24 ayadək artırılıb.
Faiz subsidiyası dövlət tərəfindən yaradılmış maliyyə institutlarının və fondlarının resursları hesabına verilən güzəştli kreditlər istisna olmaqla, bu Qaydada nəzərdə tutulan şərtlər əsasında zəmanət verilən kreditlərə şamil olunur. Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 50 faizi həddində verilir. Zəmanət və faiz subsidiyası verilmiş kredit vəsaitlərindən sahibkarlıq subyektləri yalnız təyinatına uyğun istifadə etməli və bunu müvafiq təsdiqedici sənədlərlə rəsmiləşdirməlidirlər.
Dövlət zəmanəti verilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:
– hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalı;
– kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı;
– kreditin müddəti 3 ildən çox olmamalı;
– kredit üzrə güzəşt müddəti 12 aydan artıq olmamalı;
– bir kredit üzrə zəmanətin kreditə nisbəti 60 faizdən çox olmamalı.