Əfqanıstana 1,1 milyard dollardan çox ianə vəd edilib
“BMT-nin İsveçrənin Cenevrə şəhərində nazirlər səviyyəsində keçirdiyi Əfqanıstana humanitar yardım konfransında 1,1 milyard ABŞ dollarından çox ianə vəd edilib”.
Bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik mətbuata açıqlamasında bildirib.
Stefan Dujarrik
O, ianələrin dəqiq sayının bu gün başa çatacaq konfransdan sonra açıqlanacağını deyib.
Konfransa BMT-yə üzv olan 96 ölkənin nümayəndələrinin qatıldığını deyən Stefan Dujarrik BMT-nin baş katibi Antonio Quterreşin beynəlxalq birliyin Əfqanıstan xalqına humanitar yardım mexanizmini aktivləşdirmək səylərindən məmnun olduğunu dilə gətirib:
“Bu gün başlayan konfransın açılışında çıxış edən Baş katib beynəlxalq ictimaiyyətə çağırış edərək bu ilin sonuna kimi Əfqanıstanda təxminən 11 milyon insana 606 milyon dollarlıq humanitar yardım istəyib. Əfqanıstanda 38 milyon insanın yardıma ehtiyacı var. BMT rəsmiləri hər üç əfqan vətəndaşından birinin növbəti yeməyinin haradan alınacağını bilmədiyini söyləyir. Yaşı 5-dən az olan əfqan uşaqların təxminən yarısının qarşıdakı 12 ay ərzində qida çatışmazlığı ilə üzləşə biləcəyi təxmin edilir”./report.az