Pəncşirdə qanlı toqquşma: “Taliban” 3 rayondan geri çəkildi
Əfqanıstanın şimalındakı Pəncşir əyalətində “Taliban”a qarşı döyüşən milli müqavimət qüvvələrinin dəstələri regionun üç rayonunu “radikallar”dan geri alıblar.
Bu barədə yerli “Afghanistan Times” qəzeti bildirib.
Qəzetin mənbələrinin məlumatına görə, döyüşçülər Pəncşirin şimal və şimal-şərq hissələrində yerləşən Dara, Abşar və Paryan rayonlarını “Taliban” silahlılarından təmizləyiblər. Qeyd edilir ki, milli müqavimət qüvvələrinin silahlıları ağır döyüşlər nəticəsində “Taliban”ın onlarla döyüşçüsünü məhv edib.
Qeyd edək ki, ABŞ-ın bir neçə ay əvvəl öz qoşunlarını Əfqanıstandan çıxaracağını elan etməsindən sonra “Taliban” hərəkatı ölkədə hökumət qüvvələrinə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də Əfqanıstan prezidenti Əşrəf Qani səlahiyyətlərini təhvil verərək ölkəni tərk edib və “taliblər” döyüşsüz Kabilə giriblər.
Lakin radikallarının hakimiyyəti ilə razılaşmayanlar Əhməd Məsudun başçılığı ilə Pəncşirdə müqavimət təşkil ediblər.
Bazar ertəsi “taliblər”in nümayəndəsi Zabihulla Mücahid Pəncşirin tamamilə “Taliban”ın nəzarəti altına keçdiyini və buna görə Əfqanıstanda müharibənin başa çatdığını elan edib. Öz növbəsində Məsud Əfqanıstanın bütün sakinlərini ümumi üsyana çağıraraq bildirib ki, radikallarla hərbi qarşıdurma davam edir.