Bakıda bu mənzillərin qiymətləri artacaq
Bu gün kirayə mənzil tapmaq ciddi problemə çevrilib. Hazırda demək olar ki, mənzil yoxdur. Yeni tədris ilində ali təhsil müəssisələrində tədrisin ənənəvi qaydada bərpa olunması bu sektora təsirsiz ötüşməyəcək.
Bu sözləri açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, kirayə mənzil bazarında təklif həddən artıq məhduddur: “Bu səbəbdən də təəssüflər olsun ki, kirayə mənzil axtarışında olan tələbələrin, ümumiyyətlə bütün şəxslərin əksəriyyəti bu istiqamətdə çox ciddi problemlərlə qarşılaşıblar. Hesab edirəm ki, bu problem qısa müddət ərzində, hətta yaxın günlərdə qiymətlərin kəskin şəkildə artmasına gətirib çıxaracaq. Hazırda artıq konkret olaraq qiymət artımı və artım meylləri müşahidə olunur. Düşünürəm ki, proses bu şəkildə davam edərsə, kirayə mənzil qiymətlərinin kəskin şəkildə artacağını ehtimal etmək olar”.
Ekspert əlavə edib ki, təhsillə bağlı verilən yeni qərarlar kirayə mənzil bazarında canlanmaya səbəb olub: “Bu gün tələbat çoxdur. Müraciətlərin sayı həddən çox artıb. Kirayə mənzil axtaranların sayının artımı da təbii olaraq qiymətlərin artmasına əsas verir. Hesab edirəm ki, kirayə mənzillərin qiymətində minimum 10-15% civarında artım gözlənilir”.