İkinci Qarabağ müharibəsinin geosiyasi nəticələri: uduzan həm də Rusiyadır?
44 gün davam edən ikinci Qarabağ müharibəsi erməni tərəfi üçün sarsıdıcı məğlubiyyətlə nəticələndi. Lakin belə qənaətlər var ki, məğlub olan təkcə Ermənistan deyil, həm də Rusiyadır.
Bu fikirlər Rusiyanın strategiyaların və texnologiyaların analizi Mərkəzinin hazırladığı, ikinci Qarabağ müharibəsindən bəhs edən “Qafqazda fırtına” adlı kitabında yer alır.
Mərkəzin analitikləri qeyd edirlər ki, müharibənin yekunu olaraq Azərbaycan düşmən üzərində öz hərbi üstünlüyünü radikal olaraq artırmış oldu. Ölkə strateji ümumqoşun hücum əməliyyatlarının aparılmasına dair misilsiz təcrübə qazandı. Ermənistan minlərlə vahid texnika itirdi və bu itkilərin yerini doldurmağa qadir deyil.
Kitabda üçüncü müharibənin mümkünlüyü haqda danışılır və bildirilir ki, bu qazanılmış hərbi-strateji üstünlük Azərbaycan rəhbərliyini yaxın illərdə Dağlıq Qarabağın qalan hissəsi üzərində də nəzarəti ələ almağa sövq edə bilər.
Mərkəz bildirir ki, silahlı mübarizənin nəticəsi olaraq Ermənistan Rusiyanın qarantiyası altında Azərbaycan qarşısında faktiki kapitulyasiya etdi. Nəticədə nəinki 90-cı illərdə itirilmiş ətraf rayonlar, eləcə də Dağlıq Qarabağın əhəmiyyətli hissəsi üzərində, Şuşa şəhəri də daxil olmaqla Azərbaycanın nəzarəti bərpa olundu.
Kitabda göstərilir ki, hazırda Dağlıq Qarabağın (ləğv edilmiş DQMV-nin inzibati ərazisinin bir hissəsi) Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan hissəsinin həyati qabiliyyətinin olmadığı açıq-aşkardır. Bu bölgə Azərbaycanın qalan ərazilərindən keçən kommunikasiyalardan asılıdır, onun yaşaması və mövcudluğu müstəsna olaraq Rusiya sülhməramlı kontingenti tərəfindən təmin olunur. Hansı ki, bu kontingentin qalma müddəti rəsmi olaraq 5 il göstərilib və tərəflərdən hansısa biri etiraz etməsə müddət uzadıla bilər.
“Belə qənaətlərlə razılaşmaq olarmı ki, ikinci Qarabağ müharibəsinin geosiyasi nəticələri təkcə Ermənistan üçün deyil, Rusiya üçün də fəlakətli oldu? Praktiki baxımdan Azərbaycanın apardığı hərbi kampaniya Rusiyanın Cənubi Qafqazda status-kvonun saxlanılmasına yönələn, uzun müddətdir apardığı siyasi xətti və Azərbaycanla Ermənistan arasında balanslaşdırmanı ortadan qaldırdı,-Mərkəzin təhlilində bildirilir.
Vurğulanır ki, müharibənin nəticəsi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və ondan kənarda olanlar bu qənaətə gəldilər: Rusiyanın KTMT üzrə formal müttəfiqlərinin müdafiəsinə qalxması avtomatik olaraq baş verməyəcək və Moskvanın sərt siyasi konyunkturasından asılı olacaq.
Kitabda göstərilir ki, nominal olaraq Rusiya ikinci Qarabağ müharibəsinin dayandırılması işində başlıca moderator və vasitəçi oldu, amma sülh prosesinə Türkiyəni də qoşmaq lazım gəldi. Bu isə Mərkəzin analitiklərinin hesab etdiyi kimi, “postsovet məkanı üçün növbəti xoşagəlməz presedent və Türkiyənin Cənubi Qafqaza müdaxiləsi”dir.
“Texniki olaraq Rusiya keçmiş sovet respublikalarında Dnestryanı, Cənubi Osetiya və Abxaziya bölgələrindən sonra daha bir dondurulmuş münaqişə zonasını öz nəzarətinə alıb. Hansı ki, bu bölgələrdə sülh ancaq rus süngüsü hesabına təmin olunur. Bu münaqişələr üçün ümumi olanı odur ki, Rusiyanın hərbi iştirakı həmin bölgələrin SSRİ dövründə mənsub olduqları keçmiş sovet respublikaları tərəfindən hərbi yolla nəzarət altına alınmasının qarşısını alır. Lakin Qarabağdakı situasiyanı Cənubi Osetiya, Abxaziya və Dnestryanı bölgədəki vəziyyətdən kardinal şəkildə fərqləndirən odur ki, Moldova və Gürcüstan zəifdir, çətin ki, bu regionları öz nəzarətlərinə qaytarmaq üçün hərbi revanşa əl atsınlar. Dağlıq Qarabağda isə regionu öz nəzarətinə qaytarmağa qələbədən sonra daha da güclənən və özünə inam qazanan güclü Azərbaycan iddialıdır. Ən başlıcası isə onun arxasında əzələ yığan Türkiyə kimi müttəfiq dayanır”,-kitabda bildirilir./virtualaz.org