Nə üçün bu il 700 bal toplayan abituriyent olmadı? – Ekspert açıqladı
Bu il qəbul imtahanında abituriyentlərin 700 bal nəticə göstərə bilməməsi kurrikulum sistemi ilə əlaqəli deyil. Çünki ilk dəfə kurikulum sistemi ilə qəbul imtahanları keçirildi və 2020-ci ildə kurikulum əsasında 700 bal toplayan iki nəfər namizədi gördük. Bu o deməkdir ki, kurikulum sisteminə keçid 700 balın toplanmasına maneə sayıla bilməz.
Bunu açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib.
O hesab edir ki, bu il abituriyentlərin700bal toplaya bilməməsində əsas problem dərslərin distant formada keçirilməsidir:
“Şagirdlər, xüsusilə də on birinci siniflər ənənəvi qaydada təhsildən yararlana bilmədilər. Buna görə də bu il qəbul nəticələrində heç kim 700 bal toplaya bilmədi. Burada yalnız pandemiyanı əsas səbəb kimi götürə bilərik. Bu ilki abituriyentləri ötən ilkilərlə müqayisə etsək, yüksək bal toplayanların sayı həddən artıq çoxdur”.
Ekspert bildirib ki, distant təhsil alan abituriyentlərin yüksək nəticə toplaması təhsil müəssisələrinin deyil, yalnız repetitor və hazırlıq kurslarının nəticəsidir: “O sahələr bağlanmadığı üçün və 11-ci sinif şagirdləri də hazırlığa getdiklərinə onların nəticələri daha yüksək olub. 700 bal toplayan olmasa belə, hazırlıq keçən şagirdlərin yüksək nəticə göstərməsi say çoxluğu ilə nəticələndi. Lakin 700 balı görə bilməməyimizin başlıca səbəbi pandemiya və ondan irəli gələrək dərslərin məsafədən tədris olunmasıdır”.