Türkiyədən Qarabağ açıqlaması: “Qardaş briqada”…
Azərbaycan Ordusuna dəstək olmaq üçün Ermənistanın işğalından azad edilmiş Qarabağ ərazilərində mina, digər partlayıcı qurğuların axtarışı və məhv edilməsi işləri davam edir.
Bunu Türkiyə Milli Müdafə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin analiz və qiymətləndirmə mütəxəssisi mayor Pınar Kara deyib.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələri qardaş ölkə Azərbaycanla hərbi və əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə və təlim fəaliyyətlərinə dəstək verməyə davam edir: “Bu kontekstdə Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əlaqəni təmin etmək, təlim planlaşdırması, idarəetmə və icranı uyğunlaşdırmaq məqsədilə “Qardaş briqada” layihəsi başladıldı. Hazırda Türkiyə Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birgə təlimlər həyata keçirilir. “İki dövlət, bir millət” anlayışı ilə kədər və sevinc içində birlikdə olduğumuz ədalətli işlərində bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanındayıq”.