Əks-göstəriş sertifikatı necə alınır? – Qaydalar AÇIQLANDI
Səhiyyə Nazirliyi vaksinasiya olunmayan şəxslərin əks-göstəriş sertifikatı alması prosesində qaydaları açıqlayıb.
Nazirlikdən bildirilib ki, əks-göstəriş sertifikatı üçün vətəndaş qeydiyyatda olduğu ərazi poliklinikasına müraciət etməlidir: “Poliklinika həmin müraciət edən şəxsdən vaksinin əks-göstəriş olması üçün əsas tələb edir. Vətəndaş da bunun üçün poliklinikaya lazım olan epiqriz və ya digər sənədləri təqdim edir. Şəxsin sənədləri poliklinika tərəfindən toplanaraq xüsusi komissiyaya göndərilir. Həmin komissiya sənədləri və xəstəlik növünü araşdırandan sonra qərar verir və həmin qərarı vətəndaşa göndərir”.
Məlumatda bildirilir ki, komissiyadan müsbət cavab alan vətəndaş https://kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsilə qeydiyyatdan keçməlidir: “Qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir. Daha sonra vətəndaşlar sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq “Əks göstəriş sertifikatı” bölməsini seçərək, qeyd olunan sertifikatı telefona elektron formada yükləyə, eyni zamanda “Screenshot” edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər”. /trend.az/