Uşaqları məktəbə necə hazırlayaq? – Professordan tövsiyyələr

 

Məktəbin başlanğıcı – həyatda keyfiyyətcə yeni bir dövr və uşağın orqanizminə bir növ psixoloji yükdür. Məktəblə tanışlığın ilk təəssüratlarının müsbət olması və sağlamlığına mənfi təsir etməməsi üçün uşağınıza necə kömək edə bilərsiniz?

Sözügedən sualı Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov cavablayıb.

Professorun sözlərinə görə, bu məsələdə valideynlərin rolu əvəzsizdir: “Körpənin həyatında yeni bir vacib mərhələyə alışmasını asanlaşdıran bəzi sadə tövsiyələr və məsləhətlər vermək istərdim. Övladınızı məktəbə qabaqcadan zehni və fiziki hazırlamağa başlayın. Məktəbdə oxumağın niyə vacib və zəruri olduğunu izah edin. İdeallaşdırmadan, eyni zamanda, məktəb haqqında mənfi danışmadan maraqlı, maarifləndirici, əyləncəli məktəb təcrübələrinizi paylaşın. Tədricən gələcək şagirdə dərslərə vaxtında gəlmək üçün səhər tezdən qalxmağı, arzu olunan oyanma vaxtına yaxınlaşdırmağı öyrədin. Tədris ili başlamazdan öncə, məktəbin həyətində gəzintiyə çıxın, onu gələcək müəllimi ilə tanış edin, sinfi göstərin. Bu, uşağın yeni mühitə alışmasını asanlaşdıracaq”.

H.Qabulov bunun üçün valideynlərə tövsiyələr verib: “Evdə, əyləncəli formada bir məktəb dərsinin səhnəciyini yaradın: stullar qoyun, potensial bir şagirdi, bacı-qardaşlarını otuzdurun, əgər yoxdursa, uşağın sevimli oyuncaqlarından istifadə edin və s. Sadə suallar verin, uşağınızı düzgün cavab verməyə təşviq edin, məktəbdə və dərs zamanı partada davranış qaydalarını izah edin. Ümumiyyətlə, hər şey valideynlərin təxəyyülündən və yaradıcılığından asılıdır. Uşağa qabiliyyətli olduğunu və məktəbdə onun böyük uğurlara nail edə biləcəyini demək vacibdir. Məktəb ləvazimatlarını mütləq şəkildə uşaqlarınızla birlikdə alın. Məsləhətləşin, dinləyin, lazım gələrsə izah edin və əsaslandırın ki, niyə siz bu və ya digər dəftəri, qələmi, qovluğu, çantanı almağı üstün tutursunuz. Gələcəkdə bu, uşağın ehtiyac duyduğu malları şüurlu şəkildə istifadə etməsini və almasını stimullaşdıracaq.

Övladınızın ilk məktəb günü unudulmaz, rəngarəng və əhəmiyyətli bir bayram kimi keçsin. Uşağınızla bu gün hansı yeməyi bişirəcəyinizi, bu əlamətdar hadisəni qeyd etmək üçün sevdiklərinizdən kimləri şam yeməyinə dəvət edəcəyinizi, harada gəzintiyə çıxacağınızı müzakirə edin”.

Professor əlavə edib ki, birinci sinif şagirdi həddindən artıq yükləmək məsləhət görülmür, xüsusən də birinci tədris ilinin əvvəlində, xarici dildə əlavə dərslər, musiqi və s. Bu, psixikaya düşən yükü artırır və körpənin görmə orqanını gərginləşdirir: “Bu müddət ərzində gimnastika, açıq havada gəzinti və dərslərdən sonra axşamlar məktəbdə yeni hadisələrin müzakirəsi faydalı ola bilər. Müvafiq şərtlər və istəklər daxilində uşaq üzgüçülük, stolüstü tennis, rəqslə məşğul ola bilər. Fiziki fəaliyyət qan dövranını yaxşılaşdıracaq, immuniteti, yaddaşı gücləndirəcək və körpənin əhvalını qaldıracaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password