Arayik Xankəndində “müstəqillik bayramı”na hazırlaşır – Paşinyan və digərləri Bakının qorxusundan aradan çıxır

 

Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan ərazilərində mövcudluğunu qoruyub saxlaya bilmiş qondarma rejim sentyabrın 2-də “dqr-in müstəqilliyinin 30 illiyini” keçirməyə hazırlaşır.

Qondarma rejim bu tədbirdə Ermənistan rəhbərliyinin də iştirakına nail olmaq istəyir, amma Ermənistan rəhbərliyi Azərbaycan ərazilərinə qanunsuz səfərdən və orada təxribat xarakterli tədbirə qatılmaqdan çəkinirlər.

“Qraparak” qəzeti yazır ki, Ermənistan rəhbərliyindən hələlik heç kim bu tədbirdə iştirakını təsdiqləməyib. Çünki Yerevanda nəzərə alırlar ki, 44 günlük müharibədən sonra Bakı onların Xankəndinə qanunsuz səfərlərinin dayandırılmasını tələb edib və belə səfərlər olacağı təqdirdə sərt addımlar atılacağını bildirib. Qəzet xatırladır ki, hələ bu ilin yanvarında rəsmi Bakı Ermənistanın o vaxtkı xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfərinə sərt reaksiya verərək bu qanunsuz səfərlərin dayandırılmasını tələb etmişdi.

Bildirilir ki, özünü “Dağlıq Qarabağ parlamentinin spikeri” adlandıran Artur Tovmasyan adlı şəxs Yerevana səfəri zamanı Ermənistan parlamentinin fraksiya rəhbərlərinə “müstəqillik tədbirinə dəvət” çatdırıb. Və onları inandırıb ki, Ermənistandan gələn qonaqlara qarşı hansısa demarşlar və etiraz aksiyaları olmayacaq. Bununla belə Nikol Paşinyan və onun komandası Xankəndinə gəlmək istəmir, “sıravilərdən” ibarət parlament nümayəndə heyəti göndərməyə hazırlaşır.

Paşinyanın və digər Ermənistan rəhbərlərinin istədikləri vaxt vertolyota minib Xocalıya gəldikləri günlər artıq tarixdə-işğal tarixində qalıb. İndi Paşinyan üçün ən yaxşısı qondarma “müstəqillik günündə” gözə dəyməməkdir…

Nikol Paşinyan özü bu gündən etibarən məzuniyyətə çıxıb və sentyabrın 2-də ümumiyyətlə, ölkədə olmaya bilər. Spiker Alen Simonyan isə həmin gün Vyanaya səfərə gedəcək. Lakin qəzet yazır ki, Simonyan səfərə getməsəydi belə Xankəndinə gəlməyəcəkdi.

Gözlənilir ki, hər halda hakim partiyadan vitse-spiker Ruben Rubinyan və müxalif “Ermənistan” fraksiyasından Armen Rüstəmyan bu təxribatçı tədbirə qatılacaqlar. Hazırda ancaq “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyanın bu tədbirdə iştirak edəcəyi dəqiqləşib.

Qondarma “bayrama” hazırlaşanlar bu kadra bir daha nəzər salsalar yaxşıdır…

Qeyd edək ki, Nikol Paşinyan sonuncu dəfə Qarabağda ötən il oktyabrın əvvəllərində, müharibənin şiddətli vaxtında qısa səfər edib və çox keçmədən geri qayıdıb. Həmin vaxtdan bəri onun ayağı Qarabağa dəyməyib.

İndiki situasiyada Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına aid olan ərazilərdə hansısa qondarma “müstəqilliyin” qeyd edilməsi şübhəsiz ki, rəsmi Bakıda həm sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı yeni suallar yaradacaq, həm qanunsuz rejimin mövcudluğuna son qoymağın zəruriliyini növbəti dəfə aktuallaşdıracaq. Xankəndində qondarma “bayrama” hazırlaşanlar üzü yuxarı-Şuşaya tərəf bir daha nəzər salsalar və orada dalğalanan Azərbaycan bayraqlarına baxıb köks ötürsələr yaxşıdır./virtualaz.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password