Ankara və Kreml üçün yeni fürsət: “İlk “qranquşlar” göründü…”

 

“Co Baydenin baş nazir qismində ilk səfərini Vaşinqtona edən Naftali Bennetə cəmi 20 dəqiqə ayırması İsraildə ziddiyyətlərlə dolu reaksiyalar doğurub”.

Bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra qlobal geosiyasi arenada baş verənlərə diqqət çəkib:

“ABŞ-ın Əfqanıstandan (həm də bu şəkildə) çıxması onun bölgədəki bir çox tərəfdaşlarında Vaşinqtona ciddi etimadsızlıq yaradıb. Amerikanın İsraildən sonra ikinci əsas Yaxın Şərq partnyoru Səudiyyə Ərəbistanı artıq Rusiya ilə bu ölkədən silah alınmasilə bağlı ilkin anlaşma imzalayıb. Xatırladım ki, Ər Riyad dünyada ən böyük silah idxalçılarındandır və onun Moskvaya meyllənməsi təkcə Vaşinqtona axan milyardların Moskvaya yönəlməsi deyil, həm də ABŞ-ın tərəfdaş reputasiyasına zərbə deməkdir. Digər tərəfdən də, Səudiyyə milyardları Rusiya hərbi sənayesinin dirçəlməsinə böyük dəstək ola bilər.

Məsələ Səudiyyə Ərəbistanı ilə də bitmir, yeni xarici siyasət doktrinasının əsas konturları hələ də görünməyən ABŞ-ın bölgədəki əsas partnyoru İsraillə münasibətləri də heç də özünün ən yaxşı dönəmini yaşamır. Təl-Əviv İranın nüvə proqramına dair sazişə qarşıdır, Bayden administrasiyası isə hələ də onun bərpa ediləcəyinə ümid bəsləyir”.

Ərəstun Oruclu İsrail Baş naziri Naftali Bennetlə ABŞ Prezidenti Co Bayden arasındakı görüşə də münasibət bildirib:

“Co Baydenin baş nazir qismində ilk səfərini Vaşinqtona edən Naftali Bennetə cəmi 20 dəqiqə ayırması İsraildə ziddiyyətlərlə dolu reaksiyalar doğurub. Düzdür, iki dövlət arasında əvvəllər də anlaşılmazlıqlar olub və onlar müttəfiqlik münasibətlərinə çox da təsir göstərməyib, amma bu gün bölgədəki geosiyasi durum da əvvəlkindən çox fərqlidir.

Nəhayət, ABŞ-ın Yaxın Şərqdəki üçüncü tərəfdaşı, dünənə qədər Türkiyənin Liviyadakı və Suriyadakı düşmənlərini dəstəkləyən Birləşmiş Ərəb Əmirlikləri Ankaraya üz tutur.

Beləliklə, dünyanın açar bölgəsindəki yeni geosiyasi konstruksiyanın necə qurula biləcəyinin ilk “qaranquşları” və “qarğaları” görünməyə başlayır. Odur ki, ABŞ-ın nəsə mürəkkəb bir oyun qurduğu, Talibanı ələ aldığı, az qala bütün dünyanı sıraya düzdüyü barədə bizim bəzi amerikaşünasların dediklərinə çox da inanmaq lazım deyil. ABŞ da bir ölkədir və onun da səhvləri, məğlubiyyətləri ola bilər və olub da. Siyasi reallıq da elə göründüyü kimidir, yoxsa onun adı reallıq olmazdı”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password