Talibanın hakimiyyəti tanınır – Səkkiz ölkədən kritik mesajlar

 

ABŞ Talibanı diplomatik olaraq tanımaqla bağlı müsbət siqnallar verməyə başlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun Əfqanıstandakı diplomatik missiyasının avqustun 31-dən sonra davam etdirmək niyyətində olduğunu deyib.

Bunun qarşılıqlı maraq doğuran məsələ olduğunu söyləyən Prays indi Talibanın tanınması ilə bağlı bir şey söyləməyin düzgün olmadığını vurğulayıb:

“Talibandan konstruktiv bəyanatlar eşitdik, amma günün sonunda biz və beynəlxalq tərəfdaşlarımız sözlərə yox, əməllərə baxacağıq”.

Ekspertlərə görə, ABŞ bununla Talibanın tanınması üçün nəzəri olaraq “yaşıl işıq” yandırıb. Qeyd edək ki, ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börn Kabildə Taliban liderlərindən biri Əbdülqani Bəradərlə gizli görüş keçirib.

Avropa ölkələri isə Talibanla təmasda ikiyə bölünür. Fransa rəsmilərinin Qətərin paytaxtı Doha və Kabildə Taliban nümayəndələri ilə görüşdüyü bildirilib. Fransa Xarici İşlər Nazirliyi taliblərlə əlaqə qurduqlarını etiraf edib. Məlumdur ki, Fransa Taliban hakimiyyətə gəldikdən sonra bu ölkədəki səfirliyini çıxarmayacaq.

Avropa komissiyasının prezidenti Ursula van der Leyen isə Avropa Birliyinin Talibanı tanımadığını və heç vaxt siyasi təmasda olmadığını, yalnız insanları xilas etmək üçün operativ təmaslarda olduğunu bəyan edib. Digər yandan, “Breksit”lə AB-dən çıxan İngiltərə Əfqanıstan üçün həll yolu tapmaq üçün Talibanla işləyə biləcəyini açıqlayıb.

Talibanın ölkəni ələ keçirməsindən sonra Çinin verdiyi ilk açıqlamada, “Çin Xalq Respublikası Talibanla dostluq əlaqələrini inkişaf etdirməyə hazırdır” mesajı yer alıb. Oxşar mesajlar Rusiyadan da verilib. İran Talibanla enerji ixracatına dair müqavilə imzalayaraq onu tanıyan ilk ölkə olsa da, Pakistan və Türkiyənin də hərəkatla danışıqlar apardığı məlumdur./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password