“Erməni diplomatlar Ankarada türklərlə görüşərək..”
“Türkiyə və Ermənistan diplomatları Avropda bir araya gələrək, sərhədlərin açılmasını müzakirə edirlər”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert hesab edir ki, Rusiyanın Ermənistanı silahlandırması, onun ordusunu rekonstrukasiya etməsi müttəfiqini Azərbaycanla növbəti mərhələdə müharibəyə hazırlamaqdır:
“Rusiyanın bu addımını “Paşinyandan sonrakı dönəmə hazırlıq” da adlandırmaq olar. Hesab etmək olar ki, Paşinyandan sonra hakimiyyətə gələcək qüvvələri Azərbaycanla müharibəyə təşviq etmək siyasəti davam edəcək.
Qeyd edim ki, ötən həftə Rusiya Müdafiə Nazirliyinin 5 yüksək rütbəli zabiti Ermənistanda ordu quruculuğu ilə əlaqədar İrəvanda olub. Eyni zamanda, Moskvaya gedən Ermənistan müdafiə naziri Rusiyadan yeni silahların alınmasına dair danışıqlar aparır. Rusiya Ermənistanı silahlandırmaqla onu Azərbaycanla mümkün sülh müqaviləsi üzrə danışıqlardan yayındırmağa çalışır. Ayrıca, Rusiyanın özünün də 10 noyabr bəyanatından yayınması diqqətdən qaçmır.
Rusiya sülhməramlıları həmin bəyanata zidd olaraq, həm Qarabağa yeni qanunsuz silahlıların gəlişinə göz yumur, həm də üzərinə götürdüyü öhdəliyin əksinə olaraq, orada əvvəlcədən mövcud olan separatçı birləşmələri tərksilah edərək bölgədən çıxarmır.
Rusiyanın məqsədi aydındır: gələcək perspektivdə müharibəni yenidən alovlandırmaq. Təbii ki, Rusiyanın buna nail olacağını düşünmürəm. Çünki yeni müharibədə maraqlı olmayan və Ermənistanı Rusiyanın dağıdıcı episentrindən uzaqlaşdırmaq siyasətini davam etdirən Paşinyan öz hakimiyyətini gücləndirir. 44 günlük müharibədəki məğlubiyyətinə baxmayaraq erməni cəmiyyətinin yenidən ona səs verməsi göstərir ki, Rusiyanın ictimai sferada o qədər nüfuzu qalmayıb. Paşinyan isə Rusiyanın ciddi təzyiqlərinə baxmayaraq, Türkiyə və Azərbaycanla əlaqələrin bərpasında maraqlı görünür”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Paşinyan Ermənistan ordusunun yenidən qurulması işinə girişən Rusiyanın bununla həm də ona qarşı hərbi çevriliş hazırlığı apardığını bilir:
“Beləliklə, Rusiyanın Ermənistanı silahlandırması Paşinyanı devirməyə, İrəvanın Bakı və Ankara ilə sülh danışıqlarına mane olmağa xidmət edir. Müharibədən sonra Cənubi Qafqazda güclənən və rəsmi səviyyəyə qalxan Azərbaycan-Türkiyə müttəfiqliyi Rusiyanın bu siyasətinin qarşısını alır.
Məndə olan məlumata görə, artıq Türkiyə və Ermənistan diplomatları Avropa ölkələrindən birində görüşərək, münasibətlərin normallaşdırılmasını müzakirə ediblər. Azərbaycanın da bunda maraqlı olduğunu deyə bilərəm. Həmin məlumata görə, ötən ay bir neçə erməni diplomatı Ankaraya səfər edərək türk həmkarları ilə danışıqlar aparıblar.
Hesab edirəm ki, Ermənistan Türkiyə əlaqələri bərpa edə bilib sərhədlərin açılmasına nail olsa, Rusiyanın bu ölkədəki mövqeyi tamamilə zəifləyəcək”.