BMT-dən əfqan qaçqınlarla bağlı HƏYƏCAN TƏBİLİ: bu ilin sonunadək…
“Taliban“ hərəkatı Əfqanıstanda hakimiyyəti ələ aldıqdan sonra bu ilin sonunadək əfqan qaçqınlarının sayı yarım milyona çata bilər.
Bu barədə BMT-nin Qaçqınlar üzrə ali komissarının müavini Kelli Klements danışıb. O bildirib ki, ilin sonunadək regionda 500-510 min insanın Əfqanıstanı tərk edəcəyi ehtimal olunur. Lakin vəziyyətin necə inkişaf edəcəyini hələlik proqnozlaşdırmaq mümkün deyil və bu ölkənin İran və Pakistanla sərhəd-keçid məntəqələri istiqamətində qaçqın qruplarının hərəkəti müşahidə edilmir.
Qeyd edilib ki, indiyədək qonşu dövlətlər Əfqanıstandan artıq 5,2 milyon qaçqın qəbul ediblər. Onların 90 faizi İran və Pakistana, digər hissəsi isə Tacikistan, Türkmənistan və Özbəkistana sığınıblar.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) dünya ictimaiyyətini Əfqanıstanla qonşu ölkələrə maliyyə dəstəyi göstərməyə çağırıb. Elə ki, regionda gözlənilən əfqan qaçqınlarının təminatını təşkil etmək üçün BMT və digər beynəlxalq təşkilatların əlavə 299 milyon ABŞ dolları vəsaitə ehtiyacı var. Həmin vəsaitlərlə çadırlar, gigiyena vasitələri və ərzaq məhsulları alınmalıdır.
BMT QAK-ın məlumatına əsasən, indiyədək İran və Pakistanda yerləşdirilən əfqan qaçqınlarının təminatı üçün həyata keçirilən proqramların 50 faizdən az hissəsinin maliyyələşdirilməsi mümkün olub