Bakı və Ankara əsgərlərini buna görə geri çağırdı
Türkiyə və Azərbaycan əsgərləri sonadək Kabil hava limanını mühafizə edərək, burada insan itkisinin qarşısını maksimum dərəcədə almağa çalışdı. Düşünürəm, həm Türkiyə, həm də Azərbaycan əsgərləri Əfqanıstandakı sülhməramlı missiyalarını uğurla başa vurdu.
Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Q.Hüseynlinin sözlərinə görə, Türkiyə və Azərbaycan sülhməramlıları Əfqanıstanda olmasaydı, bu ölkədə, xüsusilə də son günlər Kabil hava limanında həyatını itirən sivil vətəndaşların sayı daha çox olardı:
“O zaman belə bir sual yaranır: nə baş verdi ki, sonanadək Kabil hava limanını qoruyan Türkiyə və Azərbaycan hərbçiləri Əfqanıstanı tərk etmək qərarını verdi? Məsələ ondadır ki, ABŞ və NATO qoşunları Əfqanıstandan çıxandan sonra bölgədə Türkiyənin qalması rəsmi Vaşinqtonun istəyi idi. ABŞ bununla gələcəkdə Talibanın nəzarətsiz dərəcədə güclənməsinin qarşısını almış olacaqdı. Mahiyyət etibarilə türk hərbçilərinin Əfqanıstanda qalması Ankaranın da maraqlarına uyğun idi. Çünki öz növbəsində Ankara da Talibanın Mərkəzi Asiyaya nüfuz etməsindən və ya buradakı digər radikal islamçı qrupların hücrələrinin oyanmasından narahat idi. Hətta rəsmi Ankara Talibanla bu istiqamətdə müzakirələrə davam edirdi. Lakin Talibanın ölkədən bütün xarici qüvvələrin çıxmasını tələb etməsi nəticədə həm Türkiyə, həm də Azərbaycan hərbçilərinin bu ölkəni tərk etməsinə gətirib çıxardı.
Nə Azərbaycan, nə də Türkiyə Talibanı Əfqanıstanın qanuni hökuməti olaraq tanımasa da, bu da bir gerçəkdir ki, taliblər Əfqanıstanda tək gücdür. Digər tərəfdən, rəsmi Bakı və Ankaraya münasibətləri də istidir. Belə olan təqdirdə hər iki ölkənin hərbçilərini Əfqanıstanda saxlamasının mənası yoxdur. Nəzərə almaq lazımdır ki, Türkiyə də, Azərbaycan da Əfqanıstanda sülhməramlı missiyanı yerinə yetirirdi. Əgər əfqan hökuməti və xalqı bu gün bunu istəmirsə, bu ölkədə qalmağın mənası yoxdur. Təki bütün ölkələr Türkiyə və Azərbaycan kimi sözün əsl mənasında sülhməramlı missiya həyata keçirib, vaxtı gəldikdə olduqları ölkəni tərk edə bilsinlər”.